"The Hill": İran ABŞ-yə qarşı cavab zərbələri endirə bilər

Dünya

24.06.2025 09:33

İsrail və İran arasında atəşkəs razılaşmasına baxmayaraq, münaqişənin tam həll olunmaması halında Tehran ABŞ-yə qarşı kiberhücumlar, raket zərbələri, Hörmüz boğazının bağlanması və ya ABŞ ərazisindəki “yatmış hüceyrələrin” aktivləşdirilməsi ilə cavab verə bilər.

TodayPress TV xəbər verir ki, bu barədə "The Hill" qəzeti yazır.

Nəşrə görə, iki həftəlik qarşıdurmadan sonra da İran yüksək səviyyəli hücum yönümlü kiberimkanlara sahibdir.

Qeyd edilir ki, İran ilkin ballistik raket ehtiyatının təxminən yarısını hələ də saxlayır və bu raketlər ABŞ qüvvələrinin yerləşdiyi Yaxın Şərqdəki 19 obyektə qarşı istifadə oluna bilər.

Ən ciddi ssenarilərdən biri kimi isə Hörmüz boğazının bağlanması göstərilir. Bu boğaz dünya üzrə neftin 20%-dən çoxunun daşındığı ən mühüm nəqliyyat marşrutudur. Onun bağlanması qlobal enerji bazarında dərin böhrana səbəb ola bilər.

Qəzet yazır ki, Tramp administrasiyasında bəzi rəsmilər İranın ABŞ daxilində gizli hüceyrələr vasitəsilə daxili sabitliyi pozmaq üçün addım ata biləcəyindən ehtiyat edir.

Xatırladaq ki, 24 iyun gecəsi ABŞ prezidenti Donald Tramp İran və İsrail arasında atəşkəs əldə olunduğunu açıqlayıb və 24 saat ərzində 12 günlük müharibənin rəsmi olaraq başa çatdırılacağını bəyan edib.

Qiymət Mahir

tag: İran,İsrail,ABŞ,Hörmüz ,Todaypress.tv,