Sarkisyana qarşı yeni cinayət ittihamları irəli sürüldü
Dünya
02.07.2025 16:19
Ermənistanın üçüncü prezidenti Serj Sarkisyana qarşı Korrupsiyaya Qarşı Mübarizə Komitəsi tərəfindən yeni cinayət işinin açıldığı bildirilib.
TodayPress TV xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Sarkisyan xüsusilə külli miqdarda rüşvət almaqda və qanunsuz sahibkarlıq fəaliyyətində iştirakda ittiham olunur. Məlumata görə, o, 2000-2018-ci illər arasında müdafiə naziri, Baş nazir və prezident vəzifələrində çalışdığı dövrdə kommersiya təşkilatları yaradıb.
Xüsusilə, dostu Mixail Baqdasarov vasitəsilə Ararat rayonunun Surenavan icmasında xarici investisiyalar hesabına bitum zavodunun tikintisində iştirak etdiyi bildirilir.
Qeyd edək ki, bundan əvvəl Sarkisyana qarşı başqa bir cinayət işi açıqlanıb. Onun 2008-ci ilin fevralında Baş nazir olduğu vaxtlarda baş köməkçisi ilə birlikdə 2,9 milyon dollar rüşvət aldıqları iddia edilir. Bu rüşvətin müqabilində Ermənistanda qeydiyyatdan keçmiş şirkətlərdən birinin səhmlərinin 100 faizinin xarici investora satılmasına maneə yaratmamağa razılaşıblar.
Hazırda işin məhkəmə mərhələsində olduğu qeyd edilir.
Türkan İsgəndərli
tag: Ermənistan,Sarkisyan,Korrupsiya,Cəza,Todaypress.tv,