Sankt-Peterburqda daşqın təhlükəsi
Dünya
04.07.2025 13:00
Rusiyanın şəhəri Sankt-Peterburqda güclü külək və yağıntılar səbəbindən daşqın təhlükəsi artıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Baza" məlumat yayıb.
Bildirilib ki, Neva çayının ağzında suyun səviyyəsi kritik həddə çatıb və hazırda iki metrə yaxınlaşıb. Küləyin sürəti saniyədə 28 metrə, dalğaların hündürlüyü isə 2,5 metrə qədər yüksəlib.
Şəhərin Fövqəladə Hallar Nazirliyi xəbərdarlıq edib ki, iyulun 4-də Sankt-Peterburqda güclü yağış, şimşək və güclü külək gözlənilir. Ehtimal olunur ki, küləyin təsirindən suyun səviyyəsi 170-190 santimetrə çata bilər ki, bu da daşqına səbəb ola bilər.
Daşqının qarşısını almaq üçün Sankt-Peterburq Daşqından Mühafizə Kompleksinin qapıları bağlanıb. Beləliklə, Finlandiya körfəzindən şəhərə suyun daxil olması dayandırılıb. Eyni zamanda, liman rəhbərliyi Kronştadt gəmiçilik kanalında gəmilərin hərəkətini müvəqqəti olaraq dayandırıb.
Şəhər rəhbərliyi vəziyyəti nəzarətdə saxlayır və daşqının qarşısını almaq üçün tədbirlər görür. Əhaliyə ehtiyatlı olmaları və hava şəraiti ilə bağlı rəsmi xəbərdarlıqları izləmələri tövsiyə olunur.
Türkan İsgəndərli
tag: Rusiya,Sankt-Peterburq,Neva,Çay,Daşqın,Todaypress.tv,