Rusiya İranla hərbi əməkdaşlıqdan danışdı
Dünya
16.06.2025 11:49
Rusiya ilə İran arasında imzalanmış hərtərəfli strateji tərəfdaşlıq müqaviləsi hərbi əməkdaşlığa zəmin yaratsa da, Moskvanın Tehran uğrunda müharibəyə qoşulmasını nəzərdə tutmur.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin müavini Andrey Klimov “Lenta.ru”ya açıqlamasında bildirib.
Klimov əlavə edib ki, Rusiya adətən bu tip münaqişələrdə iştirakdan çəkinməyə çalışır:
“Prezidentimiz münaqişələrin sülh yolu ilə həllinə yönəlmiş təşəbbüslərlə çıxış edir. Vladimir Putin bu məqsədlə İran, İsrail və ABŞ rəhbərliyi ilə telefon danışıqları aparıb. Biz sülhməramlı fəaliyyətlə məşğul oluruq”.
Qeyd edək ki, 2025-ci ilin aprel ayında Rusiya prezidenti Vladimir Putin Rusiya ilə İran arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında müqavilənin ratifikasiyası ilə bağlı qanunu imzalayıb. Sənəd müdafiə, terrorizmlə mübarizə, enerji, maliyyə, nəqliyyat, sənaye, kənd təsərrüfatı, mədəniyyət, elm və texnologiya da daxil olmaqla, iki ölkə arasında əməkdaşlığın bütün sahələrini əhatə edir.
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf isə yaxın günlərdə ölkə prezidenti Məsud Pezeşkiana Rusiya ilə imzalanmış və təsdiqlənmiş hərtərəfli strateji tərəfdaşlıq sazişini təqdim edib.
Töhfə Səməd
tag: Rusiya ,İran ,Andrey Klimov,Vladimir Putin,Hərbi,Əməkdaşlıq,todaypress.tv,