Qlobal istiləşmə Avropada ölüm nisbətlərini artırdı
Dünya
17.09.2025 18:30
2025-ci ilin yayı Avropada insan fəaliyyəti nəticəsində yaranan qlobal istiləşmə səbəbindən ümumilikdə 24,400 nəfər həyatını itirib.
TodayPress TV xəbər verir ki, bu barədə İngiltərədə yerləşən “Imperial College London” universitetindən olan tədqiqatçılar məlumat veriblər.
Belə ki, bunlardan 16,500 nəfərin ölümü istixana qazlarının səbəb olduğu əlavə istiliklə əlaqələndirilib.
Tədqiqat Avropadakı 854 böyük şəhərdə aparılan analiz nəticəsində ortaya çıxıb. Məlumata görə, iqlim dəyişikliyi şəhərləri orta hesabla 2,2 dərəcə daha isti edib və bu da ölüm nisbətlərini əhəmiyyətli dərəcədə artırıb.
“Fosil yanacağının yanmasından yaranan istiliklə artan ölümlər arasında olan səbəb-nəticə zənciri danılmazdır. Əgər son onilliklərdə fosil yanacağı yandırmağa davam etməsəydik, bu gün ölənlərin böyük əksəriyyəti sağ olardı”, - deyə alimlər vurğulayıblar.
Onlar şəhərlərdəki istilik və ölüm nisbəti arasındakı əlaqədən istifadə edərək əlavə ölümləri model quraraq hesablayıblar və iqlim dəyişikliyinin olmadığı bir ssenari ilə müqayisə ediblər. Nəticəyə görə, ölümlərin 68%-i birbaşa əlavə istiliklərə bağlıdır.
Bildirilib ki, ölənlərin 85%-i 65 yaşdan yuxarı, 41%-i isə 85 yaşdan yuxarı olub. Həmçinin ölümlərin əksəriyyəti evlərdə və xəstəxanalarda baş verib. Bu, sağlamlıq problemləri olan insanların dözümlülük həddinin aşılması ilə əlaqəlidir. Amma ölüm sənədlərində istilik nadir hallarda göstərilir.
Mütəxəssislər istiliyin hələ də ictimai səhiyyə baxımından kifayət qədər ciddiyə alınmadığını vurğulayırlar. Heç kəs fırtına və ya güclü yağış zamanı işləməyə məcbur edilmir. Lakin ölümcül istilər zamanı bu proses əksinə olur.
Aysel Mətləb
tag: Qlobal,istiləşmə,Avropa,Ölüm,Todaypress.tv,