Portuqaliya gələn həftə Fələstini rəsmi olaraq tanıya bilər

Dünya

15.09.2025 22:25

Portuqaliyanın xarici işlər naziri Paulo Rangel Fələstin Dövlətinin rəsmi tanınması ilə bağlı gələn həftə bəzi yeniliklərin olacağını bildirib.

TodayPress TV xəbər verir ki, Rangel bu haqda Londonda Böyük Britaniyanın xarici işlər naziri İvet Kuperlə görüşündən sonra mətbuata açıqlama verib.

"Hələ ki, Fələstin Dövlətinin tanınması üçün heç bir maneə olmayıb. Proses davam edir və gələn həftə yeniliklər olacaq", - Rangel bildirib.

O, əlavə edib ki, Portuqaliya parlamentindəki siyasi qruplarla görüşlərini başa vurub, lakin baş nazir Luis Monteneqro və prezident Marselo Rebelo de Sousa ilə daha bir görüş keçirəcək.

Rangel onu da qeyd edib ki, Portuqaliya İsrailin Qətərdə hücumunu pisləyən qətnaməni BMT Baş Assambleyasında təqdim edəcək.

Qeyd edək ki, Fələstin Dövləti 1988-ci il noyabrın 15-də müstəqilliyini elan etdiyi gündən BMT-yə üzv olan 193 ölkədən 147-si tərəfindən tanınıb.

Portuqaliya ilə yanaşı, Fransa, Böyük Britaniya, Kanada və Maltanın da Fələstin Dövlətini tanıması gözlənilir.

TodayPress TV

tag: Portuqaliya, XİN, Fələstin, Paulo Rangel, todaypress.tv,