“Patriot” müdafiə sistemləri Ukraynaya yalnız bu vaxt çata bilər - İDDİA
Dünya
23.07.2025 16:06
ABŞ prezidenti Donald Trampın Ukraynaya göndəriləcəyini elan etdiyi “Patriot” hava hücumundan müdafiə sistemləri 2026-cı ilin yazından əvvəl çatdırılmayacaq.
TodayPress TV xəbər verir ki, bu barədə “RBK-Ukrayna” məlumat yayıb.
Bildirilib ki, Tramp ötən həftə Oval kabinetdə NATO-nun Baş katibi Mark Rutte ilə görüşdə Ukraynaya silah arsenalı göndəriləcəyini, o cümlədən Ukrayna prezidenti Volodimir Zelenski üçün həyati əhəmiyyət daşıyan “Patriot” sistemlərinin də bu paketə daxil olduğunu açıqlayıb.
Lakin silahların təhvil verilməsi üçün əsas şərt ondan ibarətdir ki, bu sistemlərə malik ölkələr öz ehtiyatlarından imtina etməyə razılaşsınlar.
ABŞ tərəfi hesab edir ki, Avropa müttəfiqləri “Patriot” sistemlərini Ukraynaya verməli, əvəzində isə “RTX Corporation” tərəfindən onlara növbədənkənar yeni sistemlər çatdırılmalıdır.
İlk “Patriot” sistemi yalnız 2026-cı ilin yazında hazır olacaq. Almaniya həmin vaxtda, əslində İsveçrəyə göndərilməsi planlaşdırılan batareyanı əldə edə biləcək. Digər tərəfdaş ölkələr üçün isə çatdırılma daha da gecikə bilər.
Qeyd edək ki, Tramp NATO müttəfiqlərinin hesabına Ukraynaya ümumilikdə 17 “Patriot” sistemi təqdim ediləcəyini açıqlamışdı.
Ukraynanın Müdafiəsi üzrə Ramşteyn formatında keçirilən son iclasında da Kiyevə hava hücumundan müdafiənin gücləndirilməsi üçün dəstək vədləri səsləndirilib. Almaniya müdafiə naziri ölkəsinin iki sistem təqdim etməyə hazır olduğunu, lakin bunun yalnız tezliklə əvəzlənəcəkləri halda mümkün olduğunu qeyd edib. Niderlandın müdafiə naziri Ruben Brekelmans da öz ölkəsinin bu təşəbbüsə böyük töhfə verməyə hazır olduğunu bildirib.
Aysel Mətləb
tag: ABŞ ,Donald Tramp,Ukrayna,Patriot,Todaypress.tv,