Paşinyan: "Ermənistan Aİ və Aİİ arasında strateji seçim etməli olacaq"
Dünya
13.06.2025 16:48
Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, ölkə eyni zamanda həm Avropa İttifaqı (Aİ), həm də Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvü ola bilməz.
TodayPress TV xəbər verir ki, o, bu fikri Praqada keçirilən "GLOBSEC 2025" forumunda panel müzakirəsi zamanı səsləndirib.
Paşinyan qeyd edib ki, Ermənistan Aİ standartlarına yaxınlaşmaq və demokratik islahatları davam etdirmək niyyətindədir. Onun sözlərinə görə, gələcəkdə ölkə strateji qərar qarşısında qalacaq və bu qərar xalqın, hökumətin və parlamentin iştirakı ilə veriləcək.
Baş nazir Ermənistan parlamentinin Aİ-yə üzvlük prosesinin başlanması ilə bağlı qanunu sadəcə məqsəd deyil, həm də islahatlara təkan kimi qiymətləndirib. O əlavə edib ki, bu, Rusiyadan uzaqlaşmaq deyil, balanslı xarici siyasətin bir hissəsidir.
Paşinyan həmçinin bildirib ki, demokratiya Ermənistan üçün strategiyadır və məqsəd yalnız Aİ üzvlüyü deyil, həm də dərin islahatların həyata keçirilməsidir
Xatırladaq ki, martın 26-da Ermənistan parlamenti Aİ-yə üzvlük prosesinin başlanması ilə bağlı qanun layihəsini qəbul edib.
Türkan İsgəndərli
tag: Paşinyan,Ermənistan,Aİ,Parlament,Todaypress.tv,