Pakistanda musson yağışları davam edir: 200-dən çox ölü var

Dünya

19.07.2025 17:20

Pakistanın Hayber Paxtunxva, Pəncab, Sind və Bəlucistan əyalətlərində davam edən musson yağışları insan tələfatı və maddi ziyana yol açmaqda davam edir.

TodayPress TV xəbər verir ki, bu barədə "Geo News" məlumat yayıb.

Pakistan Milli Fəlakət İdarəsinin (NDMA) açıqlamasında bildirilib ki, iyunun sonundan bəri davam edən güclü yağışların yaratdığı fəlakətlər nəticəsində 202 nəfər həyatını itirib.

Ən çox itki Pəncabda qeydə alınıb — 123 nəfər, Hayber Paxtunxvada 40, Sinddə 21, Bəlucistanda 16, paytaxt İslamabad və Azad Cammu və Kəşmir bölgələrində isə hərəsindən bir nəfər ölüb.

Açıqlamada qeyd olunub ki, tələfatların səbəbləri evlərin uçması, qəfil sel, boğulma, elektrik cərəyanı vurması və torpaq sürüşməsi kimi müxtəlif hadisələrdir.

Yağışlar nəticəsində 560-dan çox insan yaralanıb. Mussonun təsir göstərdiyi ərazilərdə bir çox yol, ev və ictimai binalar istifadəyə yararsız vəziyyətə düşüb, infrastruktura ciddi ziyan dəyib.

Xatırladaq ki, Cənubi Asiyada iyun-sentyabr aylarında təsirli olan musson yağışları hər il genişmiqyaslı təbii fəlakətlərə və bədbəxt hadisələrə səbəb olur.

Töhfə Səməd

tag: Pakistan,Musson,Yağış,Daşqın,Todaypress.tv,