Mask Epstein məsələsində Trampa aid olan yazıları sildi
Dünya
07.06.2025 15:43
Milyarder İlon Mask "X" sosial şəbəkəsində əvvəl paylaşdığı, ABŞ prezidenti Donald Trampın amerikalı finansçı Ceffri Epstein işinə aid sənədlərdə adı keçdiyini iddia edən paylaşımı silib.
TodayPress TV xəbər verir ki, linkə keçid zamanı paylaşımın artıq mövcud olmadığı bildirilir.
Müvafiq paylaşımda Ağ Ev rəhbərinin adının Epstein işinə aid sənədlərdə yer aldığı yazılmışdı:
"İndi həqiqi bombanı atmağın vaxtıdır: prezident Donald Tramp Epstein işində yer alır. Bu, sənədlərin açıqlanmamasının əsas səbəbidir. Günün yaxşı keçsin, Donald Tramp!".
Qeyd edək ki, Epstein 2019-cu ilin 6 iyulunda Nyu-York hüquq-mühafizə orqanları tərəfindən saxlanılmışdı. Prokurorluq onun 2002-2005-ci illərdə Manhettendəki evində 14 yaşdan başlayaraq onlarla azyaşlı qızların görüşünü təşkil etdiyinə dair sübutların olduğunu açıqlamışdı. Epsteinin dostları və tanışları arasında təkcə ABŞ-də deyil, həmçinin bir çox digər ölkələrin yüksək vəzifəli şəxsləri, keçmiş dövlət başçıları, böyük iş adamları və məşhur şou-biznes ulduzları var idi.
Finansçı ABŞ-də cinayət təqibi altında olsa da, 10 avqust 2019-cu ildə həbsxana kamerasında intihar etdikdən sonra iş dayandırılmışdı.
Töhfə Səməd
tag: Milyarder ,İlon Mask,X,ABŞ,Donald Tramp,Epstein,todaypress.tv,