Maduro sərhədə 25 min hərbçi yerləşdirdi

Dünya

08.09.2025 10:58

Venesuela Prezidenti Nikolas Maduro Kolumbiya ilə sərhədə, həmçinin ölkənin Karib dənizi və Atlantik okeanı sahillərinə 25 min hərbçinin yerləşdirilməsi barədə göstəriş verib. 

TodayPress TV xəbər verir ki, bu barədə məlumat prezidentin "Telegram" kanalında paylaşılıb.

Maduro bildirib ki, bu addım ölkənin milli suverenliyini, təhlükəsizliyini və sülhü qorumaq məqsədi daşıyır. O, eyni zamanda qeyd edib ki, sentyabrın 5-də 8 milyondan çox vətəndaşın səfərbər edilməsini planlaşdırır. Prezidentin sözlərinə görə, bu təşəbbüs ABŞ-nin Venesuelaya qarşı artan təzyiqlərinə cavabdır.

Qeyd edək ki, ABŞ və Venesuela arasında gərginlik sentyabrın əvvəlindən artıb. Sentyabrın 3-də ABŞ Prezidenti Donald Tramp narkotik alveri ilə məşğul olmaqda ittiham olunan “Tren de Araqua” qrupunun üzvlərinə qarşı tədbirlər görüldüyünü açıqlayıb.

Maduro isə bildirib ki, ABŞ bu iddiaları bəhanə edərək Venesuelanın təbii sərvətlərini ələ keçirmək məqsədi ilə ölkəyə hücum edir.

Türkan İsgəndərli

TodayPress TV

tag: Venesuela,Maduro,Müdafiə,Karib,Todaypress.tv,