Litva hava məkanındakı meteozondları vurmağa hazırdır
Dünya
28.10.2025 17:47
Litva Prezidenti Gitanas Nauseda ölkə ərazisi üzərində müşahidə olunan və siqaret qaçaqmalçılığı ilə əlaqələndirilən meteozondların vurulacağını bəyan edib.
TodayPress TV xəbər verir ki, bu barədə “Baltnews” məlumat yayıb.
Nauseda respublikanın belə uçuşlara dözümlülük göstərməyəcəyini bildirib. Onun sözlərinə görə, Litva hava məkanının bu cür pozulması dövlət təhlükəsizliyinə birbaşa təhdiddir.
Baltik ölkəsinin Daxili İşlər Nazirliyinə tabe Sərhəd Mühafizəsi Xidmətinin rəis müavini Antanas Montvidas oktyabrın 28-də açıqlayıb ki, 2025-ci il ərzində Litvada yüzlərlə meteozond aşkarlanıb. Onların bir çoxunda qaçaqmal tütün məhsulları aşkar edilib.
Hadisələrlə bağlı Litva oktyabrın 22-də Belarus Xarici İşlər Nazirliyinə rəsmi etiraz notası göndərib. Rəsmi Vilnüs bu addımları beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qiymətləndirib.
Oktyabrın 27-də isə Litva hökuməti Belarusla sərhəddəki keçid məntəqələrini bağlayıb. Məhdudiyyətlər qeyri-müəyyən müddətə qüvvədə qalacaq.
Belarus Prezidenti Aleksandr Lukaşenko isə məsələyə münasibət bildirərək deyib:
“Əgər bu hadisədə həqiqətən bizim günahımız varsa, üzr istəməyə hazırıq".
Qiymət Mahir
tag: Aleksandr Lukaşenko ,Litva , Gitanas Nauseda , Antanas Montvidas ,Todaypress.tv,
