Kobaxidze: “Repressiyalara yer yoxdur, ancaq zorakılıq edənlər məsuliyyətə cəlb olunmalıdır”

Dünya

24.07.2025 17:16

Gürcüstanın Baş naziri İrakli Kobaxidze bəyan edib ki, ölkədə repressiyalara yer yoxdur, lakin son etiraz aksiyaları zamanı baş verən zorakılıq aktlarında iştirak edən şəxslərin cəzasız qalmasının qarşısını almaq məqsədilə hüquq-mühafizə orqanları müəyyən tədbirlər görməyə məcbur olub.

TodayPress TV xəbər verir ki, bu barədə "Sputnik Gürcüstan" məlumat yayıb.

Baş nazirin sözlərinə görə, etirazlar 2024-cü il noyabrın 28-dən etibarən, Gürcüstan hakimiyyətinin Avropa İttifaqına üzvlüklə bağlı danışıqların açılmasını 2028-ci ilə qədər təxirə salmaq qərarına cavab olaraq başlayıb. Aksiyalar zamanı 170-dən çox polis əməkdaşı xəsarət alıb, 32 nəfər isə cinayət məsuliyyətinə cəlb olunub.

“Bu, sadə bir məntiqdir: əgər cinayət cəzasız qalırsa, deməli, təşviq olunur. Buna görə də dövlət daim passiv qala bilməz – törədilən cinayətlərə cavab verilməlidir”, - deyə Kobaxidze vurğulayıb.

Baş nazirin sözlərinə görə, son iğtişaşlar zamanı zorakılıq hərəkətlərində təxminən min nəfər iştirak etsə də, yalnız 30 nəfər saxlanılıb.

Töhfə Səməd

tag: Gürcüstan,İrakli Kobaxidze,Repressiya,İğtişaş,Todaypress.tv,