Karapetyanın vəkilləri məhkəmədə 11 iddia qaldırdı: 8 iş icraata götürüldü

Dünya

23.07.2025 14:52

Həbsdə olan “Tashir” şirkətlər qrupunun rəhbəri Samvel Karapetyanın vəkilləri böhtan və təhqir ittihamları ilə bağlı 11 mülki iddia qaldırıb. Bu iddialardan 8-i artıq məhkəmə tərəfindən icraata qəbul olunub.

TodayPress TV xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a Karapetyanın hüquqlarını müdafiə edən vəkil Vardan Aloyan məlumat verib.

Xatırladaq ki, bir müddət əvvəl Karapetyanın erməni deputat Arsen Torosyana qarşı qaldırdığı iddia çərçivəsində məhkəmə onun bank hesablarına həbs qoyulması barədə qərar qəbul edib.

Məlumata görə, cavabdehlər sırasında Ermənistanın Baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan, Baş nazir aparatının rəhbər müavini Taron Çaxoyan, parlamentdəki “Vətəndaş Müqaviləsi” fraksiyasının rəhbəri Hayk Kondjoryan, politoloq Arutyun Mktrçyan, bloqer Roman Bağdasaryan, eləcə də Lusine Kesoyan, Levon Şirinyan və Ruben Meğrabyan da yer alır.

Vəkil Vardan Aloyanın sözlərinə görə, bəzi işlər hələ də baxılma mərhələsindədir:

“Bəzi hallarda məhkəmə tərəfindən cavabdehlərin əmlakına 9 milyon dram (təxminən 23 min ABŞ dolları) məbləğində həbs qoyulub. Bu qərar həm Arsen Torosyan, həm də bir bloqerlə bağlıdır”.

İddiaçılar əsasən sosial şəbəkələrdə və ya parlament tribunasında səsləndirilmiş bəyanatların təkzib olunmasını və ya ictimai üzrxahlıq edilməsini tələb edirlər. Həmçinin, “Tashir” şirkətlər qrupu Yerevan meri əleyhinə inzibati iddia da qaldırıb.

Qeyd edək ki, Samvel Karapetyan iyunun 18-də hökuməti devirməyə açıq çağırışlarda ittiham olunaraq iki ay müddətinə həbs olunub. Cinayət işi onun Erməni Apostol Kilsəsinin rəhbərliyini hökumətin tənqidlərinə qarşı müdafiə etməsindən sonra başlanıb. Karapetyan ittihamları rədd edib və Ermənistan hakimiyyətini aciz adlandırıb.

Bunun ardınca hökumət Karapetyana məxsus “Ermənistan Elektrik Şəbəkələri” şirkətinin milliləşdiriləcəyini və satışa çıxarılacağını açıqlayıb. Məsələ ilə bağlı qanunlar parlamentdə təcili şəkildə qəbul olunub. “Tashir” qrupuna qarşı yoxlamalar və həbslər həyata keçirilib.

Töhfə Səməd

tag: Tashir,Samvel Karapetyan,Ermənistan,Həbs,Todaypress.tv,