İstanbulda polis əməliyyatı: 949 nəfər saxlanıldı
Dünya
31.10.2025 10:06
İstanbulda polis əməkdaşlarının keçirdiyi “Huzur İstanbul” adlı genişmiqyaslı əməliyyat zamanı 949 nəfər saxlanılıb. Onların arasında müxtəlif cinayətlərə görə axtarışda olan 457 nəfər də var.
TodayPress TV xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Əməliyyat iki mərhələdə həyata keçirilib. Birinci mərhələdə şəhərin 215 nöqtəsində 1412 polis əməkdaşı ilə yol nəzarəti aparılıb. Əməliyyata polis helikopteri və Dəniz Polisi şöbəsinə məxsus 5 qayıq da qoşulub.
İkinci mərhələdə 1302 polis əməkdaşı ictimai yerlərdə yoxlamalar aparıb. Ümumilikdə 372 mindən çox şəxsin məlumatı yoxlanılıb.
Axtarışlar zamanı 30 ruhsatsız tapança, 3 tüfəng, 5 pnevmatik silah, 77 güllə, 1,5 kiloqramdan çox narkotik, 256 ədəd narkotik tərkibli həblər və 34 min 720 lirə pul ələ keçirilib.
628 ictimai iaşə obyekti yoxlanılıb, 8 xarici vətəndaş barəsində tədbir görülüb.
Trafik nəzarətində 43 min avtomobil və 1825 motosiklet yoxlanılıb, 2 min 465 nəqliyyat vasitəsi və 53 sürücü barəsində inzibati tədbir görülüb. 16 avtomobil isə trafikin hərəkətindən kənarlaşdırılıb.
Ümumilikdə 1 milyon 130 min 578 lirə məbləğində cərimə tətbiq olunub.
Türkan İsgəndərli
tag: Türkiyə,Əməliyyat,Polis,Silah,Todaypress.tv,
