İran: AEBA nümayəndə heyətinin səfərində Qrossinin iştirakı nəzərdə tutulmur

Dünya

24.07.2025 17:40

İran İslam Respublikasının xarici işlər nazirinin beynəlxalq məsələlər üzrə müavini Kazim Qaribabadi bildirib ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) nümayəndə heyətinin İrana gözlənilən səfəri təşkilatın Baş direktoru Rafael Qrossinin iştirakını əhatə etmir.

TodayPress TV xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. 

Qaribabadinin sözlərinə görə, İran texniki nümayəndə heyətini qəbul etməyə razılaşıb və bu səfər təxminən iki-üç həftə ərzində baş tutacaq.

O əlavə edib ki, səfər çərçivəsində İran tərəfi AEBA nümayəndələrinə parlamentin qəbul etdiyi qanuna uyğun olaraq İranla agentlik arasında münasibətlərin necə formalaşacağını izah edəcək.

Qeyd edək ki, İran Prezidenti Məsud Pezeşkian iyulun 2-də ölkənin AEBA ilə əməkdaşlığını dayandıran qanunun icrası barədə fərman imzalayıb. Xarici işlər naziri Abbas Əraqçi isə ölkənin bu qərarına baxmayaraq, AEBA ilə əməkdaşlıq yollarının tamamilə bağlanmadığını bildirib.

Töhfə Səməd

tag: İran,AEBA,Qrossi,İştirak,Todaypress.tv,