Hindistanda kütləvi deportasiyalar başladı

Dünya

24.07.2025 12:58

Hindistan hökuməti 2024-cü ilin may ayından etibarən, sərhəddə yerləşən ştatlarda doğulan və çoxu qadın və uşaq olan yüzlərlə benqaləsilli müsəlman vətəndaşı ölkədən çıxararaq Banqladeşə deportasiya edib.

TodayPress TV xəbər verir ki, bu barədə "Human Rights Watch" (HRW) təşkilatı hesabat yayıb.

Hesabatda bildirilib ki, sərhəd mühafizəçiləri bəzi şəxslərin şəxsiyyət sənədlərini əlindən alıb və silah gücü ilə Banqladeş ərazisinə keçməyə məcbur ediblər.

Banqladeş rəsmilərinin verdiyi məlumata əsasən, deportasiya edilən təxminən 1500 nəfərin bir hissəsinin Hindistan vətəndaşı olduğu təsdiqlənib, bəziləri isə sonradan Hindistana geri dönüb.

HRW hesabatında vurğulanıb ki, deportasiya halları aprel ayında Hindistanın nəzarətində olan Cammu və Kəşmirin Pahalgam bölgəsində baş verən, çoxsaylı insanın ölümünə səbəb olan terror hücumundan sonra artmağa başlayıb.

Hindistan hökumətinin, xüsusilə müsəlman icmalarını qanunsuz miqrant kimi hədəf alaraq təzyiqləri gücləndirdiyi qeyd olunub. Hesabatda, deportasiya proseslərinin hüquqi prosedurlara əməl olunmadan həyata keçirildiyi və deportasiya olunan şəxslərə hüquqi nümayəndə və apellyasiya imkanlarının verilmədiyi bildirilib.

HRW beynəlxalq hüququn pozulduğuna diqqət çəkərək, deportasiyaların və zorakılıq iddialarının araşdırılmasını, məsul şəxslərin cəzalandırılmasını, deportasiya edilən şəxslərə hüquqi müdafiə hüququnun tanınmasını tələb edib.

Banqladeş Xarici İşlər Nazirliyi isə məsələ ilə bağlı açıqlama verərək, “zorla geri qaytarılma” praktikasını qınayıb və yalnız Banqladeş vətəndaşı olduğu sübut olunan şəxslərin qəbul ediləcəyini bəyan edib.

Töhfə Səməd

tag: Hindistan ,Banqladeş,Deportasiya,Human Rights Watch,Todaypress.tv,