Hindistan təyyarə qəzasında təxribat ehtimalını araşdırır

Dünya

30.06.2025 11:27

Hindistanın Hava Qəzalarının Araşdırılması Bürosu (AAIB) qəzaya uğrayan "Boeing 787-8 Dreamliner" təyyarəsi ilə bağlı istintaq çərçivəsində təxribat ehtimalını da araşdırır. 

TodayPress TV xəbər verir ki, bu barədə Hindistanın mülki aviasiya üzrə dövlət naziri Murlidhar Mohol məlumat verib.

Nazirin sözlərinə görə, istintaq qrupu hazırda təyyarənin qara qutularından çıxarılan məlumatları təhlil edir və qəzanın bütün mümkün səbəbləri, o cümlədən təxribat ehtimalı nəzərdən keçirilir.

“The Times of India” yazır ki, təyyarə havaya qalxdıqdan bir neçə saniyə sonra hər iki mühərrik qəfil dayanıb.

Mohol bildirib ki, bu hal daha əvvəlki aviasiya qəzası təcrübələrində müşahidə olunmayıb və araşdırmanın əsas fokus nöqtəsidir.

Hər iki qara qutu qəza yerindən çıxarılaraq Hindistan Hərbi Hava Qüvvələrinin təyyarəsi ilə Yeni Dehliyə aparılıb. Mütəxəssislər onların yaddaş modullarını oxuyub, məlumatları əldə ediblər. Rəsmi şəxslər qeyd ediblər ki, məlumatların çıxarılması üçün qutuların ABŞ-yə göndərilməsinə ehtiyac qalmayıb.

Türkan İsgəndərli

tag: Hindistan,ABŞ,Təyyarə,Qəza,Todaypress.tv,