Haaqada NATO sammitinə qarşı nümayiş başladı

Dünya

24.06.2025 17:33

İyunun 25-də Haaqada yerləşən Maliveld meydanında NATO sammitinə qarşı “Volkeren voor vrede” (Xalqlar üçün sülh ) hərəkatının təxminən 100 üzvü etiraz aksiyası keçirib.

TodayPress TV xəbər verir ki, bu barədə "RİA" məlumat yayıb.

Etirazçılar “NATO-ya birlikdə son qoyaq”, “Yalan və müharibə yox, həqiqət və sülh seç”, “Biz sülh istəyirik!”, “Müharibə bizim adımızdan aparılmasın!” kimi şüarlarla yazılmış plakatlar qaldırıblar. Onların arasında sülh rəmzli bayraqlar və Rusiya bayraqları da olub.

Aksiya, ənənəvi olaraq kütləvi tədbirlərin və konsertlərin keçirildiyi məşhur Maliveld ərazisində baş tutub.

Xatırladaq ki, NATO sammiti 24–25 iyun tarixlərində Haaqada keçirilir. Sammitin əsas gündəmi müdafiə məsələləridir. Təşkilatın əsas məqsədi üzv ölkələri hərbi və yardım məqsədli xərclərini ÜDM-nin 5%-nə qədər artırmağa təşviq etməkdir – bunun 3,5%-i birbaşa hərbi, 1,5%-i isə yardım xərclərinə yönəldiləcək.

Qeyd edək ki, budəfəki sammit qısa formatda keçiriləcək – cəmi bir, 2,5 saatlıq görüş nəzərdə tutulub. "The Times" nəşri yazır ki, bu format ABŞ Prezidenti Donald Trampın uzun diplomatik görüşləri sevməməsi səbəbilə onun üslubuna uyğunlaşdırılıb.

Töhfə Səməd 

tag: NATO,Haaqa,Aksiya,Todaypress.tv,