Gürcüstan: Qərb bizi Rusiya ilə düşmən etmək istəyir
Dünya
29.07.2025 17:40
Gürcüstan parlamentinin birinci vitse-spikeri Georgi Volski bildirib ki, Latviya, Litva və Estoniya Gürcüstanı Rusiya ilə qarşıdurmaya çəkməyə çalışır və rəsmi Tbilisi bu planlara imtina etdiyi üçün sanksiyalarla üzləşir.
TodayPress TV xəbər verir ki, Volskinin sözlərinə görə, Baltikyanı ölkələrin məqsədi Gürcüstanı Rusiya ilə münaqişəyə cəlb edərək, öz təhlükəsizliklərini artırmaqdır.
Volski həmçinin Litvanın Gürcüstanın 10 vətəndaşına qarşı yeni sanksiyalar tətbiq etdiyini xatırladıb. Onların arasında Acarıstan hökumətinin rəhbəri, parlament üzvləri və hakimlər də var. Ümumilikdə, Litva indiyədək 112 Gürcüstan vətəndaşına qarşı sanksiya tətbiq edib.
Xatırladaq ki, Gürcüstanla Avropa İttifaqı ölkələri arasındakı münasibətlər, 2024-cü ilin mayında Tbilisinin "xarici agentlər" haqqında qanunu qəbul etməsindən sonra kəskin şəkildə pisləşib.
Bundan sonra Aİ Gürcüstanda keçirilən 26 oktyabr 2024 parlament seçkilərinin şəffaflığı ilə bağlı suallar qaldırıb və 2025-ci ilin yanvarında gürcü diplomatları üçün vizasız rejimi dayandırıb. Bəzi Aİ ölkələri Gürcüstan rəsmilərinə qarşı şəxsi sanksiyalar da tətbiq edib.
Türkan İsgəndərli
tag: Gürcüstan,Rusiya,Qərb,Sanksiya,Todaypress.tv,