Egey dənizində qeyri-qanuni miqrant savaşı davam edir

Dünya

22.07.2025 14:23

Türkiyə Milli Müdafiə Nazirliyi, Yunanıstan tərəfindən geri göndərilən və Türk Sahil Mühafizə Qüvvələri tərəfindən xilas edilən qeyri-qanuni miqrantlarla bağlı rəsmi açıqlama yayıb.

TodayPress TV xəbər verir ki, bu barədə "TRT Haber" məlumat verib. 

Nazirliyin rəsmi sosial media hesabında yer alan açıqlamada bildirilib ki, Türkiyə Hərbi Dəniz Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) tərəfindən həyata keçirilən kəşfiyyat və müşahidə fəaliyyətləri zamanı Yunanıstana aid sahil mühafizə katerinin qeyri-qanuni miqrantları Sisam adasının şərq sahilləri yaxınlığında qəbul etdikdən sonra rezin qayıqla Yılancı Burnunun qərb sahəsinə buraxdığı müəyyən edilib.

Daha sonra bölgədəki mülki bir gəmi tərəfindən həmin rezin qayıqlar bu gəmiyə bağlanaraq şərq istiqamətində çəkilib və Türkiyəyə məxsus sulara buraxılıb.

Qeyd olunub ki, rezin qayıqda olan qeyri-qanuni miqrantlar dərhal hadisə yerinə yönləndirilmiş Türk Sahil Mühafizə kateri tərəfindən xilas edilib.

Milli Müdafiə Nazirliyi hadisəni sübut edən görüntüləri də ictimaiyyətlə bölüşüb və beynəlxalq hüquqa zidd olan bu davranışlara qarşı Türkiyənin insan hüquqlarını əsas götürərək hərəkət etdiyini vurğulayıb.

Töhfə Səməd

tag: Türkiyə ,Milli Müdafiə Nazirliyi,Yunanıstan ,Yunanıstan,Miqrant,Todaypress.tv,