Dneprə raket hücumu: Ölən və yaralananlar var
Dünya
24.06.2025 14:59
Ukraynanın Dnepr şəhərinə Rusiya tərəfindən endirilən ballistik raket zərbəsi nəticəsində bir nəfər həlak olub, 20-dən çox insan yaralanıb. Yaralananlar arasında azyaşlılar da var.
TodayPress TV xəbər verir ki, bu barədə “RBK-Ukrayna” nəşri Dnepropetrovsk vilayətinin hərbi administrasiyasının rəhbəri Sergey Lısakın “Telegram” paylaşımına istinadla məlumat yayıb.
Onun sözlərinə görə, 13 və 16 yaşlı iki yeniyetmə xəstəxanaya yerləşdirilib, onların vəziyyəti orta ağırdır.
Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına əsasən, hadisə yerində 70-dən çox xilasedici və 17 texnika işləyir. Onlar yaralıların təxliyəsi və dağıntıların aradan qaldırılması ilə məşğuldurlar.
Raket zərbəsi nəticəsində mülki infrastruktur ciddi zərər görüb: azı 19 məktəb, 10 uşaq bağçası, musiqi məktəbi, xəstəxana, poliklinika, sosial müdafiə idarələri və hətta peşə təhsili müəssisələri dağılıb. Həmçinin, partlayış dalğası “Odessa-Zaporojiya” marşrutu ilə hərəkət edən sərnişin qatarına da ziyan vurub. Xəsarət alan sərnişinlərə yardım göstərilir, “Ukrzaliznytsia” onların təxliyəsi üçün əlavə qatar ayırıb.
Dnepr meri Boris Filatov və OVA rəhbəri Sergey Lısak hücumun qəsdən mülki obyektlərə yönəldiyini təsdiqləyiblər. Prezident Aparatının rəhbəri Andrey Yermak hadisənin görüntülərini paylaşaraq Rusiyanın “terrorçu mahiyyətini” bir daha sübut etdiyini bildirib.
Şəhərdə ictimai nəqliyyatın hərəkətində də dəyişiklik edilib – tramvay xətləri dayandırılıb, avtobuslar yeni marşrutlarla hərəkət edir.
Ukrayna hakimiyyəti beynəlxalq ictimaiyyəti bu hücuma səssiz qalmamağa çağırır.
Qiymət Mahir
tag: Rusiya,Ukrayna,Dnepr,Zərbə,Todaypress.tv,