Çin dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başladı: Hindistan narahatdır
Dünya
21.07.2025 09:45
Çin dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə ölkənin Baş naziri Li Çianq məlumat verib.
Nəhəng enerji layihəsi Tibetdə axan Yarlunq Zanbo çayı üzərində həyata keçirilir. Layihə çərçivəsində çay üzərində beş su elektrik bəndi inşa ediləcək. Tikintinin 2030-cu illərdə başa çatdırılması planlaşdırılır.
Yarlunq Zanbo çayı qısa məsafədə – cəmi 50 kilometr ərzində – təxminən 2 min metr enməsi ilə bənzərsiz hidroenerji potensialına malikdir. Bu da onu dünyanın ən perspektivli su enerji mənbələrindən birinə çevirir.
Buna baxmayaraq, çayın aşağı axarında yerləşən Hindistanda bu layihə ciddi narahatlıqla qarşılanıb. Çünki milyonlarla insan bu çayın suyundan asılıdır. Hindistan hökuməti Çinin bəndləri siyasi təzyiq vasitəsinə çevirə biləcəyindən ehtiyat edir.
Layihə ətraf mühitin müdafiəçiləri arasında da narahatlıq yaradıb. Yarlunq Zanbo vadisi Çinin ən zəngin və toxunulmamış təbiət ərazilərindən biri hesab olunur. Burada 4 500-dən çox bitki növü mövcuddur. Vadi həmçinin dünyada pişik cinsli vəhşi heyvanların ən çox məskunlaşdığı regionlardan biridir.
Ərazidə qar bəbirləri, Asiya qızıl pişikləri, cəngəllik pişikləri, ləkəli pişiklər, maral pişikləri, meşə leoparları və vəhşi itlər kimi nadir növlərə rast gəlinir. Mütəxəssislər hesab edir ki, bu irimiqyaslı layihə həm ekosistemin pozulmasına, həm də su ehtiyatlarının bölgədə bərabər şəkildə paylaşılmamasına səbəb ola bilər.
Töhfə Səməd
tag: Çin ,Su elektrik stansiyası,Li Çianq,Hindistan,Todaypress.tv,