CİA: Zərbələrin nəticələrinin qiymətləndirilməsi üçün vaxt lazımdır
Dünya
26.06.2025 19:00
ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin məlumatına görə, İranın nüvə obyektlərinə endirilən zərbələrin nəticələrinin tam qiymətləndirilməsi bir neçə gün və ya həftə çəkə bilər.
TodayPress TV xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadla məlumat yayıb.
Qəzet yazır ki, hazırda dağıntıların dəqiq miqyası, eləcə də zərbələrdən əvvəl İranın nüvə materiallarını başqa yerə köçürüb-köçürmədiyi barədə informasiya yoxdur.
Ekspertlər bildirirlər ki, hücuma məruz qalmayan digər obyektlərdə uranı zənginləşdirmək üçün lazım olan avadanlıq və sentrifuqalar yerləşdirilə bilər. ABŞ-nin keçmiş rəsmiləri hesab edirlər ki, əgər İran nüvə proqramının müəyyən hissəsini qoruyub saxlayıbsa, bu vəziyyət Tehranın nüvə silahı əldə etmək cəhdlərini sürətləndirə bilər.
Xatırladaq ki, daha əvvəl ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) İranın nüvə proqramına son zərbələr nəticəsində ciddi ziyan dəydiyini açıqlamışdı.
Qiymət Mahir
tag: ABŞ,İran,Nüvə,CİA,Todaypress.tv,