Bolqarıstan-Türkiyə sərhədində 205 kq narkotik aşkarlandı
Dünya
22.07.2025 16:25
Bolqarıstan-Türkiyə sərhədində Belçikada akkreditə olunan Konqo diplomatı 205,9 kiloqram kokain keçirməyə cəhd edərkən tutulub.
TodayPress TV xəbər verir ki, "HLN" məlumat yayıb.
Narkotik maddələr Belçika diplomatik nömrəli avtomobildə gizlədilmiş beş “Samsonite” çamadanında aşkar edilib. Avtomobildə 40 yaşlı Konqo diplomatı, 54 yaşlı Belçika vətəndaşı qadın və Bolqarıstanlı sürücü olub.
Bolqarıstan Gömrük Xidməti bildirib ki, bu, ölkə tarixində sərhəddə aşkarlanan ən böyük narkotik partiyasıdır. Müsadirə edilən kokainin bazar dəyəri 20 milyon avro olaraq qiymətləndirilir.
İlkin məlumata görə, narkotik Latın Amerikasında istehsal olunub və Türkiyə üzərindən tranzit üçün nəzərdə tutulub. Saxlanılan şəxslər 20 ilədək həbs və 100 min avro cərimə ilə üzləşə bilər.
Xatırladaq ki, iyulun 16-da Sankt-Peterburqda da banan konteynerində 820 kiloqram kokain tapılmış və bu partiyanın dəyəri 12 milyard rubl olaraq qiymətləndirilib.
Türkan İsgəndərli
tag: Bolqarıstan,Türkiyə,Narkotik,Belçika,Todaypress.tv,