Barak Livan-İsrail gərginliyinin müzakirəsi üçün Beyruta gedir
Dünya
04.07.2025 11:21
ABŞ-nin Türkiyədəki səfiri və Livan ilə İsrail arasında sərhəd məsələlərinin həllində vasitəçilik edən Tom Barak iyulun 7-də iki günlük diplomatik missiya ilə Beyruta səfər edəcək.
TodayPress TV xəbər verir ki, bu barədə "Əl Nahar" qəzeti məlumat yayıb.
Səfərin əsas məqsədi Livan rəhbərliyi ilə İsrail qoşunlarının Livanın cənubunda işğal altında saxladığı beş bölgədən çıxarılması və bunun müqabilində Hizbullah hərəkatının tərksilah olunması məsələlərini müzakirə etməkdir.
Məlumata görə, gündəlikdə olan digər mövzular arasında, Livan-İsrail sərhədinin demarkasiyası, Livanın beynəlxalq yardım alması və hökumətin islahat proqramı yer alır.
Qəzet yazır ki, Livan prezidenti Cozef Aun Barakla görüş zamanı ABŞ-dən təminatlar tələb etməyə hazırlaşır. Bu təminatlar əsasən, İsrailin 27 noyabr 2024-cü il tarixli atəşkəs razılaşmasını pozan hərbi əməliyyatlarının dayandırılması və Livanın cənub bölgələrində yenidənqurma işlərinin qarşısının alınmaması ilə bağlı olacaq.
Diplomatik səfər ABŞ-nin “Amerika diplomatiyasının Yaxın Şərqdəki aktivliyi” çərçivəsində regionda sabitliyin təmininə yönələn səylərinin davamı kimi qiymətləndirilir.
Türkan İsgəndərli
tag: Livan,Beyrut,Tom barrak,İsrail,Todaypress.tv,