Avro 4 ilin maksimumuna yüksəldi: Dollar təhlükədədirmi?

Dünya

16.06.2025 12:50

"Avrozona hələ də ABŞ ilə müqayisə edilə biləcək maliyyə arxitekturasına sahib deyil. Bu səbəbdən avro yaxın perspektivdə dolları dünya ehtiyat valyutası kimi əvəzləyə bilməyəcək".

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters"ə müsahibəsində Avropa Mərkəzi Bankının (EÇB) vitse-prezidenti Luis de Qindos danışıb. 

Son üç ayda avro dollar qarşısında 11% güclənərək 12 iyun tarixində son dörd ilin maksimum səviyyəsinə – 1,1632 dollara çatıb. Bu güclənmə ABŞ-nin  gömrük tarifləri ilə üzləşən Avropa ixracatçıları üçün əlavə zərbə sayılsa da, idxal qiymətlərini ucuzlaşdıra bilər.

Lakin de Qindos bildirib ki, məzənnədə qeyri-sabitlik və kəskin artım müşahidə olunmayıb:

“Fikrimcə, avronun 1,15 dollar səviyyəsində olması böyük problem yaratmayacaq”.

Dolların dominantlığı şübhə altına alınmır

De Qindos avronun yaxın vaxtlarda dolların lider mövqeyinə meydan oxuyacağına dair fikirləri rədd edib:

“Dolların qlobal ehtiyat valyuta kimi rolu qısa müddətdə şübhə altına alınmayacaq”.

O bildirib ki, Avrozona hələ də bu iddiaya uyğun maliyyə strukturuna və təhlükəsizlik potensialına malik deyil. Bu çatışmazlıqlar həm də avronun gələcəkdəki rolunu məhdudlaşdırır.

2024-cü ilin sonuna qədər dünyada valyuta ehtiyatlarının təxminən 58%-i ABŞ dollarında saxlanılıb. Bu, son on ildə 10 faiz bəndi azalma deməkdir, lakin avronun payı dəyişməz olaraq təxminən 20% səviyyəsində qalıb. Əvəzində digər, kiçik valyutaların rolu artıb.

De Qindos qeyd edib ki, ABŞ-də dövlət borcunun artması və siyasi qeyri-sabitlik fonunda dolların statusuna dair narahatlıqlar mövcuddur. Buna baxmayaraq, Federal Ehtiyat Sisteminin (FED) etibarlılığı şübhə doğurmur.

O əlavə edib ki, Avropanın bəzi mərkəzi banklarının FED-in Nyu-York bölməsində saxladığı qızıl ehtiyatlarının təhlükəsizliyi o qədər yüksəkdir ki, onların geri köçürülməsi məsələsi gündəmə belə gəlməyib.

Qiymət Mahir

tag: Avro,Dollar,Məzənnə, Avropa Mərkəzi Bankı,Todaypress.tv,