Andrey Yermak Marko Rubio ilə görüşdü
Dünya
24.06.2025 16:22
Ukrayna Prezidentinin Aparatının rəhbəri Andrey Yermak Haaqa şəhərində ABŞ dövlət katibi Marko Rubio ilə görüşüb.
TodayPress TV xəbər verir ki, onlar Ukrayna prezidenti Volodimir Zelenskinin ABŞ prezidenti Donald Trampla gözlənilən görüşünün hazırlanması da daxil olmaqla, bir sıra vacib mövzuları müzakirə ediblər.
Yermak görüş zamanı ABŞ-nin Ukraynaya göstərdiyi dəstəyə təşəkkürünü bildirib və Vaşinqtonda keçirilən məhsuldar danışıqları yüksək qiymətləndirib. Görüşdə humanitar məsələlər, təhlükəsizlik və sülhə nail olmaq üçün birgə təşəbbüslər müzakirə olunub.
Xüsusi diqqət əsirlərin mübadiləsinə, Rusiya tərəfindən oğurlanmış mülki şəxslərin və uşaqların geri qaytarılması məsələsinə yönəldilib. Yermak qeyd edib ki, uşaqların geri qaytarılması sahəsində hələ irəliləyiş yoxdur və Ukrayna bu sahədə ABŞ-dən əlavə dəstək gözləyir.
Qeyd edək ki, bu görüş NATO-nun 76-cı illik sammiti çərçivəsində Haaqa şəhərində keçirilir və prezident Zelenski bu sammitdə ABŞ prezidenti Donald Trampla görüşməyi planlaşdırır.
Türkan İsgəndərli
tag: Yermak,Rubio,Tramp,Zelenski,Todaypress.tv,