Anadangəlmə karlığın çarəsi tapıldı
Dünya
02.07.2025 17:40
Alimlər ilk dəfə gen terapiyası vasitəsilə anadangəlmə kar insanlarda eşitmə qabiliyyətini bərpa etməyə nail olublar — və bu proses demək olar ki, dərhal baş verib.
TodayPress TV xəbər verir ki, “Nature Medicine” jurnalında dərc olunan araşdırmaya əsasən, gen terapiyasından bir ay sonra pasiyentlər səsləri ayırd etməyə başlayıb, altı ayın sonunda isə eşitmə göstəriciləri 106-dan 52 desibelə qədər yaxşılaşıb.
Tədqiqatda 1-dən 24 yaşadək 10 nəfər iştirak edib. Onların hamısında OTOF genində nadir mutasiya aşkarlanıb. Bu mutasiya qulaqdan beyinə səs siqnallarının ötürülməsi üçün vacib olan zülalın sintezini pozur. Alimlər modifikasiya edilmiş virus vasitəsilə işlək gen nüsxəsini birbaşa daxili qulağa yeridiblər.
Ən yaxşı nəticələr uşaqlarda müşahidə olunub: 7 yaşlı bir qızcığaz tam şəkildə eşitmə qabiliyyətini bərpa edib və artıq dördüncü aydan sərbəst danışmağa başlayıb. Lakin böyüklərdə də davamlı yaxşılaşma qeydə alınıb.
Müalicənin yan təsirləri minimal olub, ciddi fəsadlara rast gəlinməyib. Alimlərin növbəti hədəfi "GJB2" və "TMC1" kimi digər genlərlə əlaqəli eşitmə pozuntularını da eyni üsulla müalicə etməkdir.
Qeyd edək ki, daha əvvəl aparılan tədqiqatlar eşitmə itkisi ilə yuxu pozuntuları arasında bioloji əlaqə olduğunu da ortaya qoymuşdu. Məlum olub ki, zəif yuxu eşitmənin sürətlə pisləşməsinə səbəb olur, eşitmə itkisi isə öz növbəsində yuxunun keyfiyyətini pozaraq orqanizmdə stress və iltihabları artırır.
Qiymət Mahir
tag: Alim,Karlıq,Elm,Araşdırma,Todaypress.tv,