Aİ kiberzəifliklərə dair vahid baza yaratdı
Dünya
10.06.2025 10:34
Avropa İttifaqı kiberhücumlara qarşı dayanıqlığı artırmaq məqsədilə “Avropa zəifliklər bazası” adlı yeni məlumat platforması yaradıb. Bu addım ABŞ-nin beynəlxalq kibertəhlükəsizlik layihələrinə maliyyə dəstəyini azaltdığı bir dövrə təsadüf edir.
TodayPress TV xəbər verir ki, bu barədə "Financial Times" nəşri məlumat yayıb.
“Biz, Avropa olaraq, qlobal zəifliklərin idarə olunması sisteminin möhkəmləndirilməsində rol almağa hazırıq. ABŞ-da bəzi dəyişikliklər baş verib, lakin sistem hələlik işlək vəziyyətdədir. Onun davamlılığını artırmaq üçün Avropa öz məsuliyyətini daşımalıdır”, - Avropa İttifaqının Kibertəhlükəsizlik Agentliyinin (ENISA) baş direktoru Yuhan Lepassaar bildirib.
Lepassaar qeyd edib ki, ABŞ-nin Kibertəhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyi (CISA) növbəti il üçün hazırlanan büdcə çərçivəsində 1000-dən çox əməkdaşın ixtisarını və təxminən 495 milyon dollar maliyyə azaldılmasını planlaşdırır. Bu, beynəlxalq kibertəhlükəsizlik təşəbbüslərində boşluqlar yarada bilər.
ENISA rəhbəri əlavə edib ki, son illər ərzində kiberhücumların sayı artıb və ən həssas sektorlar arasında səhiyyə və tullantı su sistemləri xüsusilə təhlükə altındadır.
“Bu sahələrdə müdafiə tədbirləri prioritet olmalıdır”, – deyə o vurğulayıb.
Qiymət Mahir
tag: Aİ,ABŞ,Kiber,Avropa İttifaqı,todaypress.tv,