Aİ ABŞ mallarına cavab rüsumları tətbiq edə bilər

Dünya

23.07.2025 15:45

Brüssel və Vaşinqton arasında razılaşma əldə olunmasa, Avropa İttifaqı (Aİ) ümumi dəyəri təxminən 100 milyard avro olan Amerika mallarına 30%-lik gömrük rüsumu tətbiq edəcək. 

TodayPress TV xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən məlumat yayıb. 

Agentliyin yazdığına görə, ABŞ prezidenti Donald Tramp avqustun 1-dən Avropa ixracatına 30%-lik əlavə tarif tətbiq edərsə, Aİ-nin cavab addımı dərhal qüvvəyə minəcək. 

Avropa Komissiyasının nümayəndəsi bildirib ki, Aİ-nin nəzərdə tutduğu rüsumlar artıq təsdiqlənmiş 21 milyard avro dəyərində Amerika məhsullarına və əlavə olaraq ABŞ-dən idxalı planlaşdırılan 72 milyard avroluq malların siyahısına şamil olunacaq. 

"Bloomberg"in əldə etdiyi məlumata görə, rüsumlardan ABŞ-nin “Boeing” şirkətinin təyyarələri, Amerika avtomobilləri və burbon viskisi əsas zərbə alanlar olacaq. 

Xatırladaq ki, Tramp daha əvvəl Aİ-dən idxal olunan polad, alüminium və avtomobillərə mövcud 10%-lik tariflərə əlavə olaraq, Avropa ixracatının tamamına 30%-lik yeni gömrük rüsumları tətbiq olunacağını açıqlamışdı. 

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bu qərarın transatlantik tədarük zəncirlərini ciddi şəkildə pozacağını vurğulayaraq, avqustun 1-nə qədər razılaşmanın əldə olunmasının vacibliyini bildirib. 

Aysel Mətləb

tag: Brüssel ,Vaşinqton,Avropa İttifaqı ,Tarif,Todaypress.tv,