ABŞ-də qanunsuz sərhəd keçidləri tarixi rekorda çatdı

Dünya

16.07.2025 10:43

ABŞ-də qanunsuz sərhəd keçidləri son onilliklərin ən aşağı səviyyəsinə düşüb.

TodayPress TV xəbər verir ki, ABŞ Gömrük və Sərhəd Mühafizəsi İdarəsinin (CBP) yeni açıqladığı rəsmi məlumatlara görə, 2025-ci ilin iyun ayında qeyri-qanuni sərhəd keçidləri tarixdə ilk dəfə bu qədər aşağı səviyyədə qeydə alınıb.

Ümumilikdə 25 228 sərhəd hadisəsi baş verib ki, bu da CBP tarixində ən aşağı aylıq göstəricidir.

ABŞ Sərhəd Patrul xidməti tərəfindən saxlanılan şəxslərin sayı 8 024 olub — bu da yeni tarixi rekorddur.

Cənub-qərb sərhədində 6 072 saxlanma halı baş verib, bu da mart ayındakı göstəricidən 15% azdır.

CBP 28 iyun tarixində cəmi 136 saxlanma ilə ən aşağı gündəlik göstəricini qeydə alıb.

Həmin ay ərzində sərbəst buraxılma halları sıfıra enib. Müqayisə üçün bildirək ki, 2024-cü ilin iyun ayında bu rəqəm 27 766 olub.

Bu dinamika, ABŞ prezidenti Donald Trampın sərt miqrasiya siyasətinin – xüsusilə ABŞ-Meksika sərhədi boyunca – gözlənilən nəticələri verdiyini göstərə bilər. Halbuki administrasiya qeyri-qanuni sənədlərlə ölkəyə daxil olan şəxslərin girişini tamamilə dayandırmayıb.

Miqrasiya üzrə ekspertlər bildirib ki, bu enişin əsas səbəblərindən biri Trampın sərt tədbirlərinin nəticəsini gözləyən miqrant və qaçaqmalçı şəbəkələrin fəaliyyəti dayandırması ola bilər.

Bununla yanaşı, Tramp administrasiyası isə sərhədə daha çox resurs yönəldib, humanitar parollar və oxşar proqramları ləğv edib, qaçqınların qəbulunu məhdudlaşdırıb.

Eyni zamanda, Cənubi Amerikadan gələn miqrantların Panama-Colombiya sərhədindəki təhlükəli Darien keçidindən istifadə etməsi də xeyli azalıb.

“Qanunsuz keçidlərin qarşısını almaqdan tutmuş fentanilin müsadirəsinə və milyardlarla dəyərində gömrük tariflərinin icrasınadək CBP hər sahədə nəticə göstərir”, - deyə CBP Komissarı Rodni Skott bildirib.

Məlumatlara görə, administrasiya sərhədləri tam bağlamayıb. "TRAC" təşkilatının məlumatına əsasən, Tramp prezident seçiləndən bu yana 12 347 qeyri-qanuni sənədlə gələn şəxs ABŞ-yə buraxılıb.

Cəmi 65 870 “qəbul olunmaz” şəxs arasında bu göstərici azlıq təşkil etsə də, bu hal sərhəddin bağlanmasının tam formada olmadığını göstərir.

2 680 nəfərə isə immiqrasiya məhkəməsinə çıxmaq üçün bildiriş verilib və CBP tərəfindən girişə icazə verilib.

Ekspertlər hesab edir ki, qaçaqmalçılıq şəbəkələri yeni marşrutlar hazırlaya bilər.

Eyni zamanda, daxildə genişmiqyaslı deportasiyalar işçi çatışmazlığı yarada və ucuz işçi qüvvəsinə tələbatı artıraraq iqtisadi təsirlər doğura bilər.

Töhfə Səməd

tag: ABŞ,Qanunsuz ,Sərhəd,Tramp,Todaypress.tv,