Sertifikasiyadan keçməyən tibb işçilərinin 6 ay iş yeri və maaşı saxlanılacaq

Daxili siyasət

13.06.2025 11:36

Milli Məclis sertifikasiya imtahanından keçməyən tibb mütəxəssislərinin təkrar sertifikasiya imtahanından keçənə qədər 6 ay müddətində iş yeri və aylıq tarif (vəzifə) maaşının saxlanılması haqqında dəyişikliyi son oxunuşda qəbul edib.

TodayPress TV xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər Milli Məclisin növbədənkənar sessiyasının bugünkü plenar iclasında üçüncü oxunuşda müzakirə edilib.

Dəyişikliyə əsasən, sertifikasiya imtahanından keçməyən işçi təkrar sertifikasiya imtahanından keçənə qədər 6 ay müddətində iş yeri və aylıq tarif (vəzifə) maaşı saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya imtahanı üçün müraciət edə bilər.

Belə ki, davamlı peşəkar inkişafın illik və 5 illik minimum kreditlərini toplamayan şəxslər praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün sertifikasiya imtahanından keçməlidir.

Layihədə sertifikasiya imtahanından keçməyən işçilərin 6 ay müddətində iş yeri və aylıq tarif (vəzifə) maaşının saxlanılması müəyyən edilib.

Qeyd edək ki, “Əhalinin sağlamlığının qorunması haqqında” qanunun müvafiq maddəsinə uyğun olaraq səhiyyə mütəxəssislərinin sertifikasiyası keçirilir. Sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan işçilərin praktik tibb və ya əczaçılıq fəailiyyətinə buraxılmasına yol verilmir. Sertifikasiya imtahanından təkrarən keçməyən işçilərlə əmək münasibətləri Əmək Məcəlləsi ilə tənzimlənir.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

tag: Milli Məclis,Plenar İclas,Yaz Sessiyası,Layihə,Todaypress.tv,