Zədələnmiş pullar hansı halda dəyişdirilir? – AÇIQLANDI

Cəmiyyət

16.06.2025 11:22

Bəziləri zədələnmiş pulların artıq keçərsiz olduğunu, istifadə olunmayacağını düşünərək illərlə portmanatda saxlayır, bəziləri isə sadəcə onlardan imtina edirlər. Ancaq qaydalara görə, müəyyən şərtlər daxilində belə pullar dəyişdirilə bilər.

Bank üzrə ekspert Elvin Dadaşsoy TodayPress TV-yə açıqlamasında bildirib ki, zədələnmiş pullar yalnız bəlli hallarda qəbul olunur.

Onun sözlərinə görə, pulun seriya nömrəsi, nominalı və digər orijinal elementləri oxunaqlıdırsa, həmçinin əsas hissəsinin ən azı 60 faizi salamat qalıbsa, həmin pul dəyişdirilə bilər.

"Əgər zədələnmə sahibkarlıq niyyəti olmadan, təsadüfən və ya qeyri-ixtiyari şəkildə baş veribsə və bunun səbəbi qeyd olunubsa, məsələn suya düşmə, cırılma və ya yanıq kimi hallar varsa, həmin pul qəbul edilir və dəyişdirilir".

Ekspert əlavə edib ki, seriya nömrəsi və nominalı görünən halda yarısı yanmış pulun belə dəyişdirilməsi mümkündür.

Lakin ciddi şəkildə əskik olan, yəni 60 faizdən çox hissəsi olmayan, qəsdən zədələnmiş və ya müxtəlif pulların hissələrindən birləşdirilmiş kağız pullar dəyişdirilmir. Həmçinin, tərkibi dəyişdirilmiş, məsələn kimyəvi maddələrlə rəngi və strukturu pozulan pullar da qəbul olunmur.

"Zədələnmiş pulların dəyişdirilməsi zamanı heç bir komissiya və ya əlavə ödəniş tələb olunmur. Əskinazlar Azərbaycan Mərkəzi Bankının baş ofisi və ya regional bölmələrində dəyişdirilə bilər. Bəzi kommersiya bankları da bu xidməti göstərsə də, vətəndaşlar əksər hallarda birbaşa Mərkəzi Banka yönləndirilə bilər", - deyə Elvin Dadaşsoy fikrini yekunlaşdırıb.

Türkan İsgəndərli

tag: Elvin Dadaşsoy,Ekspert,Zədəli,Pul,Todaypress.tv,

photo