Xarici təcrübə ölkədə: Avtobuslarda əlavə nəzarətçilərə ehtiyac var?
Cəmiyyət
12.06.2025 17:38
"Azərbaycanda avtobuslarda əlavə nəzarətçi işçiyə ehtiyac yoxdur, mövcud sistem kifayət qədər effektivdir".
Nəqliyyat üzrə ekspert İlqar Hüseynov bunu TodayPress TV-yə danışarkən deyib.
O hesab edir ki, Azərbaycanda ictimai nəqliyyatda, xüsusilə avtobuslarda sərnişin ödəniş sisteminin əlavə nəzarətçi ilə gücləndirilməsinə ehtiyac yoxdur: ölkədə tətbiq olunan mövcud ödəniş sistemi, yəni ön qapıdan giriş və sürücünün birbaşa nəzarətində olan ödəniş terminalları kifayət qədər effektiv nəticə verir.
"Pulsuz keçməyə çalışan, kart vurmadan avtobusa daxil olan sərnişinlərin sayı olduqca azdır. Çünki avtobuslarda giriş yalnız ön qapıdan təmin edilir və bu da ödənişin tam nəzarətdə saxlanmasına şərait yaradır. İnsanlar bir-birinə kömək edir, kart verir, ödəniş edir və keçirlər. Bu cür qarşılıqlı anlayış hallarına tez-tez rast gəlirik. Gizlincə keçməyə çalışanlar isə demək olar ki, yoxdur”.
Ekspertin fikrincə, bəzi ölkələrdə olduğu kimi, Azərbaycanda hər avtobusa əlavə işçinin təyin edilməsi nə iqtisadi, nə də sosial baxımdan məqsədəuyğundur: “Əlavə nəzarətçi saxlamaq üçün aylıq maaş, növbəli iş qrafiki və əlavə xərclər tələb olunur. Bu, rentabelli deyil. Belə ki, istənilən sərnişinə, xüsusilə məktəblilərə və yaşlı insanlara ödəniş imkanı olmadıqda şərait yaradılmalı, cərimələmə yolu seçilməməlidir. Əks halda, bu, ictimai narazılığa səbəb ola bilər”.
İlqar Hüseynovun sözlərinə görə, onsuz da insanların əsəbləri gərgindir – tıxaclar, gecikmələr və digər problemlər fonunda belə hallarla əlavə gərginlik yaratmaq yersiz olar.
Bəzi xarici təcrübələrə toxunan ekspert Gürcüstanda hər qapıda terminalların mövcud olduğunu, lakin bu modelin Azərbaycan üçün prioritet olmadığını vurğulayır.
“Türkiyədə də bizdəki kimidir – yalnız ön qapıdan giriş və ödəniş var. Polşada isə tramvaylarda əvvəlcədən alınmış biletlər istifadə olunur. Yəni universal sistem yoxdur”, – deyə o, əlavə edib.
Sonda ekspert diqqətə çatdırıb ki, sərnişin sıxlığının əsas səbəbi avtobusların intervalının uzun olmasıdır və bu da şəhər tıxacları ilə birbaşa bağlıdır. Onun fikrincə, problemi əlavə nəzarətçi ilə yox, marşrut sıxlığının və intervalların optimallaşdırılması ilə həll etmək lazımdır.
Töhfə Səməd
tag: Azərbaycan,Avtobus,Nəzarət,Nəqliyyat,todaypress.tv,
