Sürücülər narazıdır: Texniki baxış qiymətləri niyə yüksəkdir?

Cəmiyyət

16.07.2025 16:24

Avtomobillərin texniki baxış prosesi ilə bağlı sürücülər arasında narazılıqlar artır. Onlar qiymətlərin yüksək olmasından şikayət edirlər.  

Nəqliyyat üzrə ekspert Raqif Raufoğlu bu barədə TodayPress TV-yə danışarkən bildirib ki, hazırda texniki baxışın qanuni ödəniş məbləği təxminən 30 manatdır.

Bu məbləğə əlavə olaraq, utilizasiya haqqı da daxil edilir və ümumi məbləğ 50 manatı keçmir: 

“Rəsmi prosedurla texniki baxışdan keçmək olduqca münasibdir. Qeyri-qanuni yolla ödəniş etdikdə isə bu məbləğdə artım olur. Bu da təbii ki, sürücülərə sərf etmir. Amma bir çox sürücülər prosesi uzatmamaq və əlavə tələblərlə qarşılaşmamaq üçün qeyri-rəsmi yola üstünlük verirlər. Bu zaman onlardan 150-200 manat tələb olunur ki, bu da əvvəlki illərlə müqayisədə iki dəfəyə qədər artım deməkdir”.

Onun sözlərinə görə, sürücüləri narahat edən digər məsələ isə texniki baxış zamanı tələb olunan bəzi ləvazimatlardır:

“Yardım çantasında (apteçkada) elə dərmanlar, avadanlıqlar var ki, onların avtomobildə daşınması məntiqli deyil. Hətta həkimlərin rəyinə görə, bəzi tibbi ləvazimatlar yalnız klinik şəraitdə saxlanmalıdır. Bu da qanunvericilikdə və texniki tələblərdə boşluqlar olduğunu göstərir”.

Raqif Raufoğlu qeyd edib ki, bu sahədə şəffaflığın artırılması, qanuni prosedurların sadələşdirilməsi və texniki baxışda tələb olunan tələblərin yenidən gözdən keçirilməsi vacibdir.

Türkan İsgəndərli

tag: Raqif Raufoğlu,Ekspert,Texniki Baxış,Avtomobil,Todaypress.tv,

photo