STM icbari tibbi sığorta ilə bağlı sorğu keçirir
Cəmiyyət
05.09.2025 10:32
Sosial Tədqiqatlar Mərkəzi tərəfindən icbari tibbi sığorta sisteminin tətbiqi çərçivəsində əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinə münasibətin öyrənilməsi məqsədilə ictimai rəy sorğusu həyata keçiriləcək.
TodayPress TV xəbər verir ki, sorğu çərçivəsində əhalinin tibbi xidmətlərdən istifadə edib-etməmələri, tibbi xidmətlərin keyfiyyətindən məmnunluq səviyyəsi, icbari tibbi sığorta barədə məlumatlılıq dərəcəsi, mövcud problemlərin və təkmilləşməyə ehtiyac duyulan sahələr öyrəniləcək.
Eyni zamanda, sorğuda tibbi xidmətlərin əlçatanlığı, xidmətlərdən istifadə zamanı əlavə ödənişlərlə bağlı təcrübələr, həkim və tibb personalının peşəkarlıq səviyyəsi və etik davranışı da təhlil ediləcək. Bununla yanaşı, əhalinin sığorta sisteminə etimad səviyyəsi, bu sahədə mövcud problemlər və gələcək gözləntilər də öyrənilməsi nəzərdə tutulan istiqamətlər sırasında yer alır.
Tədqiqat ölkədə icbari tibbi sığorta sisteminin daha səmərəli işləməsi üçün mövcud vəziyyətin təhlili, problemlərin və ehtiyacların müəyyənləşdirilməsi, eləcə də gələcəkdə məqsədyönlü siyasətin formalaşdırılmasına töhfə verməyi hədəfləyir.
tag: Sosial Tədqiqatlar Mərkəzi,İcbari tibbi sığorta,Sorğu,Cəmiyyət,Todaypress.tv,