Qazaxa "salam" vermək niyə bu qədər bahadır?
Cəmiyyət
18.06.2025 13:02
Azərbaycan Dəmir Yolları bilet qiymətlərinin müəyyən olunmasında şəffaflıq prinsipinə əməl etmir və bu sahədə məlumatların bilərəkdən gizlədilməsi müşahidə olunur.
Bu barədə iqtisadçı Elçin Rəşidov TodayPress TV-yə açıqlamasında bildirib.
Ekspertin sözlərinə görə, şirkət daşımaların maya dəyəri barədə ictimaiyyətə açıq və aydın məlumat təqdim etmədiyindən, qiymətlərin necə formalaşdığına dair ictimai nəzarət imkanı məhdudlaşır. Bu isə həm iqtisadi əsaslandırma, həm də hesabatlılıq baxımından ciddi problemlər yaradır.
İqtisadçı qeyd edib ki, təkcə Azərbaycan Dəmir Yolları deyil, digər böyük müəssisələr də məlumatların açıqlanmasından yayınırlar. Onun fikrincə, bu praktika həmin qurumlarda maraqlar toqquşmasına və kiçik qrupların şəxsi maraqlarının dövlət maraqlarından üstün tutulmasına yol açır:
“Onlar hesabatlılıqdan qaçaraq, bilərəkdən qeyri-şəffaf fəaliyyət göstərirlər. Bu addım isə onların şəxsi maraqlarını qorumağa və iqtisadi qərarları cəmiyyətin deyil, məhdud qrupların xeyrinə yönəltməyə şərait yaradır. Bilet qiymətləri real bazar şərtlərinə əsaslanmır və vətəndaşların maraqları nəzərə alınmadan, yalnız şirkətin gəlirlərini artırmaq məqsədilə müəyyənləşdirilir. Qiymətlər baha olanda insanlar normal olaraq alternativlərə əl atacaqlar".
Elçin Rəşidov vurğulayıb ki, hazırda elə bir qiymət müəyyən olunur ki, həm qatar yerləri satılsın, həm də gəlirlər maksimum olsun.
"Eyni zamanda xərcləri də artıracaqlar. Çünki xərcləri şişirtməklə subsidiyalaşdıra bilirlər. Təəssüf ki, belə şirkətlər asanlıqla ictimaiyyəti aldada bilirlər".
Ekspert bu sahədə daha ciddi islahatlara və dövlət müəssisələrində maya dəyərinin şəffaf şəkildə açıqlanmasına dair qərarların qəbul edilməsi çağırışı edib.
Qeyd edək ki, iyunun 15-dən etibarən Bakı-Qazax sərnişin qatarı istifadəyə verilib. Marşrut üzrə sərnişin qatarına biletlərin qiyməti 19 manatdan 125 manatadak dəyişir.
Türkan İsgəndərli
tag: Elçin Rəşidov,İqtisadçı,Qazax,Salam,Todaypress.tv,
