Psixoloji mərkəzlərə kim nəzarət edir? – RƏSMİ
Cəmiyyət
11.06.2025 11:10
“Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının 7 dekabr 2018-ci il tarixli Qanununa əsasən, psixoloji yardım yalnız bu sahədə fəaliyyət hüququ olan psixoloq və ya klinik (tibbi) psixoloqlar tərəfindən həyata keçirilə bilər".
Bu barədə TodayPress TV-nin sorğusuna cavab olaraq Analitik Ekspertiza Mərkəzindən bildirilib.
Məlumata görə, mülkiyyət növündən asılı olmayaraq tibb müəssisələrində yalnız klinik (tibbi) psixoloqlar psixoloji yardım göstərə bilər və bunun üçün onlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qurumdan ixtisas attestatı almalıdırlar. Qanunla klinik psixoloqların dərman təyin etməsi və insan orqanizminə tibbi müdaxilələr (cərrahiyyə, lazer, ultrasəs və s.) tətbiq etməsi qadağandır.
Sözügedən qanunun tələblərinin pozulmasına görə şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsinə əsasən məsuliyyət daşıyırlar.
Əlavə edilib ki, ölkədə fəaliyyət göstərən özəl psixoloji mərkəzlərin gördüyü işlər Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli, 206 nömrəli Qərarı ilə təsdiq olunan “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”nda yer almadığı üçün bu qurumlara Səhiyyə Nazirliyi və onun tabeliyindəki qurumlar tərəfindən birbaşa nəzarət edilmir.
Lakin belə psixoloji mərkəzlərdə hər hansı tibbi fəaliyyətin həyata keçirilməsinə dair fakta əsaslanan vətəndaş müraciətləri və ya media tərəfindən yayımlanmış məlumatlar daxil olduqda, Səhiyyə Nazirliyi və aidiyyəti qurumlar tərəfindən qanunvericiliyə uyğun nəzarət tədbirlərinin görülməsi məqsədəuyğun hesab olunur.
Türkan İsgəndərli
tag: Psixoloq,Mərkəz,Səhiyyə,Nəzarət,todaypress.tv,