Millət vəkili: “Azərbaycan mətbuatına dövlət qayğısı yüksək səviyyədədir”

Cəmiyyət

22.07.2025 11:22

“İyulun 22-də  Azərbaycan milli mətbuatının yaranmasının 150-ci ildönümü tamam olur. Dövrünün görkəmli ziyalısı Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatı bütün dövrlərdə cəmiyyətin güzgüsü olub, insanları düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirib, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynayıb”. 

Milli Məclisin deputatı Fatma Yıldırım bunu TodayPress TV-yə danışarkən bildirib.

Onun sözlərinə görə, ötən illər ərzində Azərbaycan mətbuatı böyük, keşməkeşli yollardan keçərək bugünkü inkişaf səviyyəsinə çatıb. Ümummilli Liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqil dövlətimizin mətbuatının inkişafında yeni mərhələ başlayıb və bu siyasətin Azərbaycan Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində milli mətbuatımız yeni-yeni nailiyyətlər qazanıb. 

"Bu gün Azərbaycan mətbuatına dövlət qayğısı yüksək səviyyədədir. Eyni zamanda, kütləvi informasiya vasitələrimiz ölkəmizdə həyata keçirilən siyasətin uğurlarının təbliğ edilməsində, milli və dövlət maraqlarımızın qorunmasında üzərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirir. Mətbuatımız xüsusilə də Ermənistanın 30 illik işğal dövründə bu siyasətin ifşa edilməsində, 44 günlük Vətən müharibəsi zamanı qələbə xəbərlərinin xalqımıza çatdırılmasında müstəsna rol oynayıb".

Parlamentari diqqətə çatdırıb ki, müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib: 

“2021-ci ilin dekabrında Milli Məclis tərəfindən “Media haqqında” yeni qanunun qəbul olunması, cari ilin növbədənkənar sessiyasında media qanunvericiliyinə yeniliklərin edilməsi isə bu sahədə aparılan islahatların göstəricisidir. Eyni zamanda, dövlətimizin başçısı İlham Əliyevin 2021-ci il 12 yanvar tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradıldı. MEDİA Agentliyinin yaradılması ölkəmizdə media sahəsində islahatların daha sürətlə aparılmasına və dərinləşdirilməsinə imkan verir". 

O vurğulayıb ki, milli mətbuatın yubileylərinin ölkədə geniş qeyd olunması, dövlət tərəfindən bu sahəyə dəstəyin davam etdirilməsi Azərbaycan mətbuatına diqqət və qayğının nümunəsidir. 

"Mən 150 illik yubiley münasibətilə mətbuat işçilərini səmimi qəlbdən təbrik edir, onlara fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıram!”, - deyə millət vəkili fikrini yekunlaşdırıb.

Töhfə Səməd

tag: Fatma Yıldırım,Deputat,Azərbaycan,Mətbuat,Qayğı,Todaypress.tv,