Manevr fürsəti: Neftin bahalaşması Azərbaycana nə vəd edir?

Cəmiyyət

17.06.2025 12:34

“Neftin bahalaşması Azərbaycan hökumətinin manevr imkanlarını genişləndirir”.

İqtisadçı ekspert Akif Nəsirli bunu TodayPress TV-yə danışarkən deyib. 

Onun sözlərinə görə, dünya bazarlarında “Brent” və “Light” neft markalarının qiyməti artdıqca, Azərbaycanın ixrac etdiyi neftin də qiyməti yüksəlir.Azərbaycan nefti bazarda hər zaman bu iki əsas neft markasından daha baha satıldığından, bu artım ölkə iqtisadiyyatına birbaşa müsbət təsir göstərir.

"Azərbaycanın iqtisadi strukturu hələ də neftdən ciddi asılılıqla fəaliyyət göstərir. Belə ki, dövlət büdcəsinin həm birbaşa, həm də dolayı daxilolmalarını nəzərə alsaq, ümumi asılılıq 70%-ə qədər yüksəlir. Bu da o deməkdir ki, neftin ucuzlaşması ölkə üçün ciddi iqtisadi təlatümlər yaradır, bahalaşması isə əksinə hökumətə iqtisadi sabitliyi qorumaq, büdcə öhdəliklərini yerinə yetirmək və xüsusilə manatın məzənnəsini sabit saxlamaq üçün əlverişli zəmin formalaşdırır".

İqtisadçının qənaətincə, hazırda davam edən neftin bahalaşması tendensiyası Azərbaycan iqtisadiyyatının neftdən asılı modelinin mövcudluğunu bir müddət də uzadır. Lakin bu fürsət uzunmüddətli və dayanıqlı inkişaf üçün alternativ sahələrin inkişafına yönəlməlidir. 

Qeyd edək ki, iyunun 13-də İsrail-İran qarşıdurması başlayandan neftin qiymətində kəskin artım müşahidə olunur. 

Töhfə Səməd

tag: Akif Nəsirli,Ekspert,Neft,Azərbaycan,Todaypress.tv,

photo