Kimlər daha çox pensiya alacaqlar? – AÇIQLANDI

Cəmiyyət

17.06.2025 11:35

Azərbaycanda əmək qanunvericiliyinə 200-ə yaxın dəyişiklik üzərində işlər tamamlanmaq üzrədir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumata görə, dəyişikliklərin bir hissəsi “Əmək Məcəlləsi”nə əlavə və dəyişiklikləri, digəri isə yeni normativ hüquqi aktların hazırlanmasını əhatə edir.

Layihələrdən biri də "Qeyri-dövlət (özəl) pensiya fondları”nın yaradılması ilə bağlıdır. Artıq bu istiqamətdə 20-dən çox normativ hüquqi akt layihəsi işlənib hazırlanıb və razılaşdırma mərhələsindədir.

TodayPress TV xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov bu barədə danışarkən bildirib ki, özəl pensiya fondlarının yaradılması vətəndaşlara əlavə gəlir imkanı verəcək:

"Özəl pensiya fondu imkan verir ki, vətəndaş pensiya yaşına çatdıqda yalnız dövlətdən deyil, eyni zamanda özəl fond vasitəsilə də pensiya ala bilsin. Bu, pensiya məbləğinin artmasına səbəb olur. Belə olan halda vətəndaş, məsələn, 600 manat deyil, 900 manat pensiya ala bilər. Bu da onun həm sosial rifahına, həm də gələcək planlarına müsbət təsir göstərəcək".

Deputatın sözlərinə görə, özəl pensiya fondlarının digər üstünlüyü vətəndaşın yığılan vəsaitə daha tez çıxış əldə etməsi ilə bağlıdır:

"Xarici təcrübədə bu cür fondlar vasitəsilə vətəndaş pensiya yaşına çatmamış da müəyyən vəsaiti əldə edə bilir. Eləcə də ödənişlər aylıq və ya hissə-hissə götürülə bilir. Belə fondların etibarlılığı, valyuta risklərinə qarşı sığortalanması və kapitalın indeksasiyası da xüsusi önəm daşıyır. Bu isə sistemin dayanıqlığını və vətəndaşların marağını təmin edən əsas amillərdən olacaq", - deyə Vüqar Bayramov fikrini yekunlaşdırıb.

Türkan İsgəndərli

tag: Vüqar Bayramov,Deputat,Facebook,Açıqlama,Todaypress.tv,

photo