İTV Kənan MM-in iddialarına CAVAB verdi: “O, öz layihəsini uğurlu saya bilər, amma…”
Cəmiyyət
01.07.2025 13:12
"İctimai Televiziya və Radio Yayımları Şirkətində hər hansı inhisarçılıq halları mövcud deyil və prinsip etibarilə belə bir vəziyyət mümkün də deyil. Şirkətdə seriallar və sənədli filmlər üzrə qərar verilməsi mərhələlər üzrə aparılır".
Bu barədə TodayPress TV-nin sorğusuna cavab olaraq İctimai Televiziya və Radio Yayımları Şirkətinin Mətbuat Xidmətindən bildirilib.
Verilən məlumata görə, ssenari prodüser və ya rejissordan qəbul edilir. Daha sonra onun dəyərləndirilməsi aparılır. Bu proses 3 meyar - məzmunun orijinallığı, onun ictimai maraq və əhəmiyyət kəsb etməsi, ssenarini təqdim edən rejissor və ya prodüserin indiyədək ərsəyə gətirdiyi işlərin keyfiyyəti, onun peşəkar təcrübəsi və layihənin reallaşması üçün nəzərdə tutulan ehtimal olunan büdcə üzrə həyata keçirilir:
"Bu meyarların hər biri bizim üçün önəmlidir və seçim üçün təqdim edilən ssenari bunların hər birinə cavab verməlidir. Sənədli film və serial istehsalı üçün ayıra bildiyimiz büdcə məhdud olduğundan şirkət bu seçimə çox dəqiq yanaşır. İndiyə qədər İctimai Televiziya bir sıra rejissorlarla uğurlu iş birliyi nəticəsində onlarla layihə həyata keçirib. Bu layihələr İctimai Televiziyanın auditoriyası tərəfindən bəyənilib və cəmiyyətdə geniş rezonansa səbəb olub. Eyni zamanda, İctimai TV ölkədə yaradıcılıq mühitinin təşviqi üçün hətta öz efirində yayımlanmayacaq filmlərin belə çəkilişlərinə texniki və təşkilati dəstək verib".
Mətbuat xidmətindən bildirilib ki, İctimai TV-yə təklif olunan ssenarilərin sayı kifayət qədər çoxdur. Bu da bir tərəfdən rejissor və prodüserlərin bizə etibarından, digər tərəfdən isə İTV-nin bu sahədə yüksək nüfuzundan xəbər verir.
"Kənan Mahmudovun təqdim etdiyi ssenarinin qəbul edilməməsi məsələsinə gəldikdə, istənilən rejissor öz layihəsini ən uğurlu və yaxşı hesab edə bilər. Lakin bu o demək deyil ki, onun irəli sürdüyü layihə İctimai Televiziyanın yuxarıda göstərilən meyarlarına digər təqdim olunan ssenarilərdən daha çox uyğun gələcək. Onu da qeyd edək ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti istehsala qəbul etdiyi layihələrə görə hər bir mərhələdə (ssenarinin qəbulu, filmin hazırlanması və yayımı) məsuliyyət daşıyır. Bu sahədə istənilən uğur və ya müvəffəqiyyətsizlik İTV-nin məsuliyyətidir. Bu məsuliyyəti biz daşıyırıqsa, hansı filmin istehsal ediləcəyi ilə bağlı da yekun qərar vermək hüququ məhz bizə məxsusdur".
Həmçinin vurğulanıb ki, kanal tərəfindən bu günədək heç bir yaradıcı şəxsə layihəsinin reallaşdırılacağı ilə bağlı əsassız vədlər verilməyib. Ssenarisi İctimai Televiziyada qəbul edilməyən rejissorlar layihələrini ölkədə fəaliyyət göstərən digər televiziya kanallarına təqdim etməkdə tam sərbəstdirlər. Televiziya kanallarının auditoriyası müxtəlifdir.
"Ola bilər ki, İTV-nin öz parametrləri əsasında uyğun saymadığı layihə digər kanala və onun auditoriyasına uyğun olsun. Hesab edirik ki, bu cür rəqabət mühitinin mövcudluğu həm televiziyaların, həm də prodüser və rejissorların daha da inkişaf etməsinə şərait yaradacaq. Biz hər bir yaradıcı insana işində müvəffəqiyyət arzu edirik. İctimai Televiziya fəaliyyətinə dair hər bir vətəndaşın fikrini sərbəst şəkildə ifadə etmək hüququnu tanıyır və bu hüququ dəstəkləyir. Hüquqlarının pozulduğunu hesab edən istənilən vətəndaş, o cümlədən yaradıcı şəxslər, bununla bağlı qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq instansiyalara, eləcə də məhkəməyə müraciət edə bilər. Bununla yanaşı, ictimai müzakirələr zamanı qarşı tərəfin ləyaqət və işgüzar nüfuzuna xələl yetirilməməlidir. İctimai Televiziya da öz işgüzar nüfuzunun müdafiəsini qanunvericilik çərçivəsində təmin etmək hüququnu özündə saxlayır", - deyə kanaldan əlavə olunub.
Qeyd edək ki, bir neçə gündür ki, sosial şəbəkədə bir qrup tanınmış rejissorlar tərəfindən İctimai Televiziyanın rəhbərliyi Balaş Qasımova qarşı açıq və sərt tənqidlər səsləndirilir. Səbəb olaraq isə rejissorların təqdim etdiklərin layihələrin qəbul olunmaması, onlara vəsaitin ayrılmaması kimi məsələlər göstərilir.
Türkan İsgəndərli
tag: İTV,Sorğu,Kənan MM,İddia,Todaypress.tv,