İşıq və qazın “sabit tarifə” keçməsi nə ilə nəticələnəcək?
Cəmiyyət
11.06.2025 16:21
"Bəzi ölkələrdə kommunal xidmətlər vətəndaşlar üçün pulsuzdur, bəzilərində isə bir hissəsi dövlət tərəfindən qarşılanır. Bizdə isə, çox təəssüf ki, vətəndaşın pulunu ödədiyi kommunal xidmətlərə limit tətbiq olunur. Bu qərarı yersiz hesab edirəm".
Bu fikirləri TodayPress TV-yə açıqlamasında iqtisadçı Günay Hüseynova deyib.
Onun sözlərinə görə, vətəndaşların təfəkkürü və məsuliyyət hissi yerindədir. Heç kim qazı və ya elektriki boş yerə açıq qoymur, nə də cibindən artıq pul ödəmək istəyir. Yayda kondisionerdən, qışda isə istilik sistemindən vətəndaşlar lazımi qədər istifadə etməlidirlər.
O qeyd edib ki, limitin tətbiqi sosial ədalətsizliyə səbəb olur:
“İmkanı olan limiti keçərək artıqlaması ilə istifadə edir, imkanı olmayan isə qışın soyuğunda gözünü sayğaca dikir. Bu yanaşma bərabərsizliyi daha da dərinləşdirir. Türkiyədə qaz və işıq sərfiyyatının müəyyən hissəsini dövlət qarşılayır. Aylıq çekdə də bu açıq şəkildə qeyd olunur. Üstəlik, Türkiyə enerjini və qazı xaricdən, o cümlədən Azərbaycandan idxal edir. Buna baxmayaraq, vətəndaşa bu sahədə konkret dəstək verilir".
Günay Hüseynova hesab edir ki, Azərbaycanda da oxşar model tətbiq olunmalı, ehtiyacı olan təbəqələr üçün dövlət tərəfindən dəstək proqramları genişləndirilməlidir.
Qeyd edək ki, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında müzakirəyə çıxarılan “Elektroenergetika haqqında” və “Qaz təchizatı haqqında” yeni qanun layihəsində sabit aylıq tarif tətbiq edilməsi təklif olunub.
Türkan İsgəndərli
tag: Günay Hüseynova,İqtisadçı,İşıq,Qaz,Todaypress.tv,
