“İrəvan xanlığının mətbəxi” ingilis dilində təqdim olundu

Cəmiyyət

03.07.2025 10:17

Sosial Tədqiqatlar Mərkəzində (STM) milli mədəni irsin qorunması və dünyaya tanıdılması istiqamətində daha bir vacib tədbir keçirilib.

TodayPress TV xəbər verir ki, Azərbaycanın qədim və zəngin kulinariya ənənələrini əks etdirən “İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri ictimaiyyətə təqdim olunub.

Təqdimat mərasimində Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc, kitabın müəllifləri – Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) sədri, əməkdar mədəniyyət işçisi Tahir Əmiraslanov, AMKA-nın fəxri üzvü, əməkdar mədəniyyət işçisi Oruc Əliyev, layihənin rəhbəri, Bakı Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Qivami Rəhimli və əməkdar jurnalist Telli Pənahqızı iştirak ediblər. 

Tədbirdə çıxış edənlər kitabın elmi, tarixi və mədəni əhəmiyyətindən bəhs edərək, onun Azərbaycan mədəniyyətinin dünyaya tanıdılması baxımından önəmini vurğulayıblar.

Qeyd edək ki, kitabın hazırlanması zamanı tədqiqatçılar İrəvan bölgəsindən deportasiya olunan soydaşlarımızın ailə yaddaşına əsaslanan məlumatlardan, arxiv sənədlərindən və müxtəlif tarixi qaynaqlardan istifadə ediblər. Əsərin strukturu kulinariya reseptlərindən savayı, tarixi izahlar və sosial kontekstə dair qeyd və analizləri də əhatə edir. Bu yanaşma kitabı həm də ensiklopedik səciyyə daşıyan bir mənbəyə çevirir.

Kitabın ingilis dilinə tərcüməsi onun daha geniş beynəlxalq auditoriyaya çıxmasına, Azərbaycanın mətbəx mədəniyyətinin dünya ictimaiyyətinə doğru təqdim olunmasına imkan yaradır. Tədbir iştirakçıları qeyd ediblər ki, bu nəşr Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə təbliğində yeni bir mərhələ açacaq.

Qiymət Mahir

tag: İrəvan,Xanlıq,Mətbəx,Tədbir,Todaypress.tv,