“İnsan Hüquqları Aylığı” çərçivəsində uşaq hüquqlarının müdafiəsi və təbliği məsələlərinə geniş yer verilir

Cəmiyyət

14.06.2025 16:30

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən elan edilmiş “İnsan Hüquqları Aylığı” çərçivəsində uşaqların hüquqlarının müdafiəsi məsələləri diqqət mərkəzində olub.

TodayPress TV xəbər verir ki, Ombudsmanın Milli Preventiv və Müstəqil Monitorinq mexanizminin fəaliyyəti çərçivəsində Elm və Təhsil Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan, o cümlədən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Yetkinlik Yaşına Çatmayanlar üçün Penitensiar Müəssisəsi də daxil olmaqla 15 müəssisəyə başçəkmə keçirilib, 200-dən çox uşaqla konfidensial şəkildə söhbət aparılıb.

Başçəkmələrdə məqsəd bu müəssisələrdə saxlanılan şəxslərlə rəftar, saxlanma şəraiti, saxlanılmanın qanuniliyini təsdiq edən sənədlərin araşdırılması olub, saxlanılma şəraiti qiymətləndirilib, aşkar olunmuş və yerində aradan qaldırılması mümkün olan məsələlərlə bağlı müəssisə rəhbərliyinə tövsiyələr verilib, habelə bu müəssisələrdə saxlanılan şəxslərin hüquqlarının qorunması və gələcəkdə onlara qarşı hər hansı pis rəftar hallarının baş verməsinin qarşısının alınması məqsədilə müəssisə rəhbərliyi və əməkdaşları ilə hüquqi maarifləndirici söhbətlər aparılıb. 

Bu müəssisələrdə sosial-məişət, sosial-psixoloji, tibbi-sosial, pedaqoji, tibbi-pedaqoji və sosial-hüquqi xidmətlərin göstərilməsi ilə bağlı məsələlər monitorinq edilib, reabilitasiya tədbirlərinin həyata keçirilməsi və asudə vaxtın səmərəli təşkil olunması da araşdırılıb.

Başçəkmələr çərçivəsində aşkar edilmiş bir sıra problemlər yerində aradan qaldırılıb, həlli istiqamətində müvafiq tövsiyələr verilib. Monitorinqlər zamanı Ombudsman Aparatı tərəfindən nəşr olunmuş 100-ə yaxın maarifləndirici nəşr uşaqlar arasında paylanılıb.

Başçəkmələrin sonunda milli qanunvericilik və beynəlxalq standartlar əsasında müəssisə rəhbərlərinə müvafiq tövsiyələr verilib.

Başçəkmələrin nəticələri əsasında təhlillər aparılacaq və müvafiq dövlət qurumlarına müraciətlər ediləcək.

tag: Ombudsman,İnsan ,Hüquqları,Aylığı,Todaypress.tv,