İctimai nəqliyyat və kommunal xidmətlərdə artım olacaq? - AÇIQLAMA

Cəmiyyət

12.09.2025 16:22

"Yaxın dövrdə kommunal xidmətlər və ictimai nəqliyyatda əlavə qiymət artımı baş verməyəcək".

İqtisadçı Xalid Kərimli bunu TodayPress TV-yə danışarkən bildirib.

Onun sözlərinə görə, hazırkı şəraitdə belə bir addım gözlənilmir:

"2025-ci ilin sentyabrında hər hansı artım olacağına inanmıram. Hansı dəyişikliklərin ediləcəyi isə dövlət büdcəsi müzakirələrində və gələn ilin əvvəlində daha aydın görünəcək. Hər hansı tarif dəyişikliyi olsa belə, bu, büdcə ilə bağlı qərarların ardından ictimaiyyətə açıqlanacaq".

İqtisadçı əlavə edib ki, ictimai nəqliyyatda son qiymət artımı ötən ilin iyulunda baş verib, qaz və işıq tarifləri isə cari ilin yanvarında artırılıb:

"Bunların bir daha artırılmasına nə zəruri əsas görürəm, nə də ehtiyac. Əksinə, hazırkı şəraitdə əlavə artım yaxşı olmaz", - deyə Xalid Kərimli fikrini tamamlayıb.

Qeyd edək ki, sosial şəbəkələrdə bir sıra iqtisadçılar yaxın aylarda ictimai nəqliyyatda və kommunal xidmətlərdə qiymət artımının olacağı ehtimallarını irəli sürürlər. Məsələ ilə bağlı hələlik rəsmi açıqlama isə yoxdur.

Türkan İsgəndərli

TodayPress TV

tag: Xalid Kərimli,İqtisadçı,ictimai nəqliyyat,Qiymət artımı,Todaypress.tv,

photo