Hava niyə hələ də sərin keçir? – Mütəxəssis AÇIQLADI

Cəmiyyət

04.07.2025 15:12

Son günlər Azərbaycanda müşahidə olunan sərin hava şəraiti əhali arasında müəyyən narahatlıq yaradıb. Ani hava dəyişikliyi bir çox insanın xəstələnməsinə səbəb olub.

Ekoloq Qorxmaz İbrahimli mövzu ilə bağlı TodayPress TV-yə danışarkən bildirib ki, havanın soyuması əsasən ölkəyə şimaldan daxil olan soyuq hava kütlələri ilə bağlıdır.

Onun sözlərinə görə, bu hava kütlələri Arktika bölgəsindən hərəkət edərək ölkə ərazisinə daxil olub:

“Ölkəmiz mülayim, subtropik iqlim qurşağında yerləşdiyi üçün belə sərin hava bizə bir qədər qeyri-adi görünür. Lakin bu, keçici xarakter daşıyır. İqlim dəyişikliklərinin təsiri nəticəsində belə hallar son illərdə daha tez-tez müşahidə olunmağa başlayıb. 4-5 il əvvəl də oxşar sərin yay günləri olmuşdu”.  

Ekoloq əlavə edib ki, belə hava şəraiti xüsusilə çimərlik zonalarında yerləşən iaşə obyektlərinə mənfi təsir göstərir.  İnsanlar çimərliklərə az gedirlər, bu isə həmin ərazilərdə yerləşən restoran və kafelərə maddi ziyan vurur.  Habelə günəş şüası qəbul edə bilməmək isə sağlamlıq baxımından da mənfi nəticələrə yol aça bilər. 

Ekspert qeyd edib ki, Bakıda küləkli hava xüsusilə yay və payız aylarında insanların səhhətinə təsir edə bilər. Ona görə də sakinlər hava şəraitinə uyğun geyinməli və sağlamlıqlarını qorumağa çalışmalıdırlar.

Qorxmaz İbrahimli əhalini küləkli havaya görə panikaya düşməməyə çağırıb və bildirib ki, bu cür hava şəraiti bir neçə gün ərzində geridə qalacaq və yerini isti yay günlərinə verəcək.

Türkan İsgəndərli

tag: Qorxmaz İbrahimli,Ekoloq,Hava,Sərin,Todaypress.tv,