Güzəştli şərtlərlə Qarabağda da ev almaq mümkün olacaq – AÇIQLANDI
Cəmiyyət
17.07.2025 11:02
Qarabağ və Şərqi Zəngəzurda güzəştli şərtlərlə mənzil sahibi olmaq mümkün olacaq.
TodayPress TV xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, yeni dəyişikliklərə əsasən, güzəştli ipoteka kreditinin məbləği kreditin verildiyi tarixdə işğaldan azad olunmuş ərazilərdə yaşayış sahəsinin qiymətinin 90 faizindən çox ola bilməz. Digər bir dəyişiklik isə bu ərazilərdə ipoteka krediti üzrə ödəniləcək aylıq məbləğin borcalanın məcmu gəliri ilə bağlı olmasıdır.
“Belə ki, işğaldan azad edilmiş ərazilərdə yaşayış sahəsinin alınması məqsədilə verilən kreditin aylıq ödənişi borcalanın aylıq gəlirinin 75 faizindən çox olmamalıdır. Bu tələb yalnız o hallara şamil edilmir ki, kreditin məbləği, ipoteka ilə yüklü edilən ilkin bazardakı yaşayış sahəsinin qiymətinin 60 faizindən azdır”.
Deputat vurğulayıb ki, yeni qaydalar gənc ailələrin güzəştli şərtlərlə ipoteka kreditindən istifadə etməklə Qarabağ və Şərqi Zəngəzurda ev sahibi olmasına imkan yaradacaq. Bu, bir tərəfdən Qarabağda məskunlaşma prosesini daha da sürətləndirəcək, digər tərəfdən isə işğaldan azad olunan ərazilərdə iqtisadiyyatın sürətli formalaşması və inkişafına dəstək olacaq.
“Bu, eyni zamanda, gənclərimizin mənzil təminatının yaxşılaşdırılması baxımından da vacibdir. Ümumilikdə, yeni dəyişikliklər həm güzəştli şərtlərlə Qarabağda mənzil sahibi olmağa, həm də həmin ərazilərimizin sosial-iqtisadi inkişafına töhfə verəcək”, – deyə Vüqar Bayramov fikrini yekunlaşdırıb.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Fərmanla “İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişiklik edilib. Yeni sənədlə ipoteka kreditlərinin verilməsinə dair tələblər yenidən müəyyənləşdirilib.
Türkan İsgəndərli
tag: Vüqar Bayramov,Deputat,Qarabağ,Ev,Todaypress.tv,
