Fiziki məhdudiyyətli şəxslər paytaxtda rahat hərəkət edə bilir?

Cəmiyyət

30.06.2025 15:05

Tikinti sahəsində yeniliklər edilsə də, bəzi insanlar, xüsusilə də fiziki məhdudiyyətli şəxslər üçün çətinliklər hələ də qalır. Həmin maneələrə ən çox səki və keçidlərdə rast gəlinir.

Nəqliyyat eksperti Yasin Mustafayev bu barədə TodayPress TV-yə danışarkən bildirib ki, fiziki məhdudiyyətli şəxslərin rahat və təhlükəsiz hərəkət edə bilməsi üçün onlara uyğun şəhər infrastrukturunun qurulması zəruridir.  

Onun sözlərinə görə, istər layihələndirmə mərhələsində, istərsə də tikinti zamanı bu şəxslərin tələbatlarının nəzərə alınması vacibdir.

Ekspert qeyd edib ki, uzun müddət səkilərin vəziyyəti qənaətbəxş olmayıb. Lakin son dövrlərdə bu sahədə müəyyən irəliləyişlər müşahidə olunur və şəhərin insan yönümlü infrastruktur modelinə keçidi istiqamətində addımlar atılır.

Hazırda yeni salınan səkilərdə, piyada keçidlərində və ictimai yerlərdə fiziki məhdudiyyətli şəxslər üçün xüsusi infrastruktur elementləri nəzərdə tutulur. Bunlara panduslar, liftlər, müxtəlif səviyyəli keçidlərdə quraşdırılan elevatorlar və digər avadanlıqlar daxildir.   

"Bu tədbirlər həm Qarabağ müharibələrində sağlamlığını itirmiş qazilər, həm də anadangəlmə fiziki məhdudiyyətli şəxslərin sosial inteqrasiyasını təmin etmək üçün mühüm əhəmiyyət daşıyır. Məqsəd odur ki, gələcəkdə nəzərdə tutulan bütün infrastruktur layihələrində bu insanların ehtiyacları nəzərə alınsın və onlar da digərləri kimi şəhər imkanlarından normal şəkildə istifadə edə bilsinlər".   

Yasin Mustafayev sonda qeyd edib ki, bu addımlar təkcə fiziki məhdudiyyətli şəxslərin deyil, yaşlıların, valideynlərin, hətta uşaq arabası ilə hərəkət edənlərin də gündəlik həyatını asanlaşdıracaq. 

Türkan İsgəndərli

tag: Yasin Mustafayev, Nəqliyyat,Fiziki,Məhdudiyyət,Şəxs,Todaypress.tv,

photo